Masallı müəllimləri etiraza qalxır

Rafil-Astan

XALQ.AZ xəbər verir ki, Masallıda müəllimlərin etirazı gözlənilir. Buna səbəb rayon Təhsil Şöbəsinin məktəblərdən pul tələb etməsidir. Bu barədə Qaynar.info-ya Masallı rayonundan müəllimlər məlumat verib.

Onlar bildiriblər ki, tapşırıq şəxsən təhsil şöbəsinin müdiri Astan İbişov tərəfindən verilib:” Maraqlıdır ki, məktəblərdən pulu dərs ilinin sonuna yaxın bir vaxtda əsassız səbəblərdən alırlar. Səbəb kimi göstərirlər ki, siniflərdə şagirdlərin sayı az olduğundan dərslərin keçirilməsi qanunsuzdur və sənədləşmə işlərində qanunsuzluqlara yol verilib. Ona görə də problemi “yoluna qoymaq” üçün hər məktəbdən 800-1000 manat civarında pul tələb edirlər. Bu məbləği isə təbii ki, direktorlar müəllimlərdən yığıb verməlidirlər. Yaxşı, bəs bu qədər vaxtı harad idilər? Əgər dərslər qanunsuz keçirilibsə, şagirdlərin sayı az olubsa, niyə dərs ilinin əvvəlində bu siniflər birləşdirilmirdi? Burada məqsəd pul yığmaqdır, başqa adı yoxdur”.

Bildirilir ki, yoxlamalardan rayon İcra Hakimiyyəti də xəbərdardır, ancaq məsələyə heç kim müdaxilə etmir. Müəllimlər isə direktorların onlardan tələb etdiyi məbləği verməkdən boyun qaçırıblar. Problemlə bağlı təhsil şöbəsinin müdiri Astan İbişova müraciət edilsə də, o, problemin ondan asılı olmadığını bəhanə gətirərək heç bir kömək edə bilməyəcəyini deyib.

Mövzu ilə bağlı Masallı rayon İcra Hkaimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova ilə əlaqə saxladıq. O, iclasda olduğundan açıqlama verə bilməyəcəyini dedi.

Təhsil şöbəsinin müdiri Astan İbişov isə ümumiyyətlə zənglərimizə cavab vermədi.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.