Masallıda əlil ana Prezidentə müraciət etdi

5
Redaksiyamıza Masallı rayonu, Füzuli küçəsi, ev 76-da qeydiyyatda olan Orucova Tehran Ələsgər qızı tərəfindən imzalanmış şikayət məktubu daxil olub. DİA.AZ-a göndərilən şikayət ərizəsində vətəndaş üzləşdiyi problemlə bağlı prezidentdən kömək istəyir. Müraciətdə deyilir:“Hörmətli Cənab Prezident! Yazıb, Sizə bildirirəm ki, mən, Orucova Tehran Ələsgər qızı və qızım Orucova Könül Əlövsət qızı 2-ci qrup əlilik və olduqca çətin vəziyyətdə yaşayırıq. Bu Sizə ikinci müraciətimizdir. İlk müraciətdən sonra suni və saxta şəkildə bizə yazılmış elektrik enerjisinin sərfiyyatı borcu dondurulmuş və bizə deyilmişdi ki, qarşıdakı illərdə ola bilsin ki, bu borc silinsin. İndi isə prezident seçkiləri öncəsi yenidən bizdən işlətmədiyimiz elektrik enerjisinin borcunu tələb edirlər. Bu addımın əsl təxribat olması gün kimi aydındır. Yerli məmurlar xalqın problemlərini həll etdiyi bir zamanda bizə qarşı bu cür ayrı-seçkilik edilməsi başadüşülən deyil. Onu da qeyd edim ki, dövlət ehtiyacı üçün öz həyətimizin böyük bir hissəsini də versək də, nəinki bizə kompensasiya ödənilməyib, həyətimizə söz verilən darvaza da indiyə kimi qoyulmayıb. İki qadının darvazası olmayan həyətdə yaşamasına göz yumacaq qeyrətə malik kiçik padşahlar Sizin televiziyadan xalqa dediklərinizin tam əksinə fəaliyyət göstərirlər.

Cənab Prezident!

Biz iki pensiya alan şəxs kimi bu borcu necə ödəyək? Üstəlik bizim olmayan borcu biz niyə ödəməliyik? Ötən məktubda qeyd etdiyimiz kimi, çətin durumda olmağımızla yanaşı hüquqlarımız yenə Masalllı Elektrik Şəbəkəsinin rəhbərliyi tərəfindən kobud şəkildə pozulur. Rayonda digər vətəndaşların qanuni şəkildə yığılan borcları müxtəlif qeyri-qanuni yollarla silinsə də, bizim üzərimizə istifadə etmədiyimiz elektrik enerjisinin borc ödəməsi qoyulub və bizə təqdim olunan məlumat arayışında dövlərə 774 manat 62 qəpik borcumuz olması göstərilib. Nəzərinizə çatdırıram ki, iki otaqlı, köhnə, təmirsiz, hər an dağılma ehtimalı ilə üz-üzə olan evimizdə külli miqdarda elektrik enerjisi sərfiyyatına səbəb ola biləcək ev elektrik cihazları-tozsoran, kondisioner, istilik cihazları yoxdur, iki qənaət işıq lampası, televizor, soyuducu var ki, bunlar da fasilələrlə işlədildiyinə görə ciddi sərfiyyata səbəb olmur. Belə olan şəraitdə heç cür mümkün deyil ki, bir ay müddətində 74, 69 və ya 50 manat elektrik sərfiyyatı olsun. Bizə təqdim olunan arayışın səhih və dəqiq olmaması həm də onunla təsdiqlənir ki, arayışa görə, 2009-cu ilin fevral-mart, 2010-cu ilin iyun-sentyabr aylarında evdə yaşayış olduğu halda enerji sərfiyyatı olmayıb, elektrik enerjisinə tələbat güclü olan noyabrda(2009 və 2010) müvafiq olaraq 5manat 40 qəpik və 3manat 30 qəpik, enerji sərfiyyatına daha az tələbat olan aprel(2009), may(2010) müvafiq olaraq 69 manat 60 qəpik və 74 manat 10 qəpik məbləğində sərfiyyat yazılıb. Digər tərəfdən arayışa görə, 3 il biz ödəmə etməmişik, ancaq bu dövrdə elektrik enerjisinin verilməsi dayandırılmayıb. Həqiqətdə isə, mənim tərəfimdən ödəmələr aparılsa da, ərazi müfəttişləri sənədləşmə işlərini bilmədiyimdən sui-istifadə edib, nəticədə ödəmələrim mənimsənilib. Arayışın həqiqətdən uzaq olduğunu qonşularım da təsdiqləyə bilər ki, 2009-cu ilin fevral-mart və 2010-cu ilin iyun-sentyabr aylarında qeyd olunan ünvanda yaşamışıq, enerji sərfiyyatının olmamasını göstərən arayış tamamilə saxtadır. Təəsüflər olsun ki, bu saxtakarlıq halları ötən müraciətimizdən sonra araşdırılmadı, sadəcə bizə 2 illik möhlət verildi. Müraciəti biz sentyabr 2011-ci ildə etmişdik və möhlətlə razılaşmayıb, araşdırma tələb etsəydik, bu bizim soyuqdan donmamıza səbəb olacaqdı.

Hörmətli İlham Əliyev Cənabları!

Biz Masallı Elektrik Şəbəkəsinin rəisindən dəfələrlə komissiya yaradıb, yerində yoxlama aparmasını, keçmiş iki sayğacın qanuna uyğun olaraq laboratoriya göndərilməsini, artıq yazılan sərfiyyat miqdarının müəyyənləşməsini xahiş etsək də bütün bu xahişlərə əhəmiyyət verilməyib. Başqa daha ciddi fakt ondan ibarətdir ki, hər iki sayğac dəyişiləndə akt tərtib olunmayıb, ya da bu hadisə yerində baş verməyib, nüsxəsi bizə təqdim olunmayıb. Arayışda 1-ci sayğacın son göstəricisi 4570 kv yazılsa da, əslində 4034 kv olub, 2-ci sayğac isə EŞ tərəfindən it-bata salınıb.

Hömətli Cənab Prezident!

Biz başa düşmürük ki, iki 2-ci qrup əlilin yaşadığı bir evə belə qərəzli münasibətin səbəbi nədir, niyə biz bəzilərinin yerinə yığım planını doldurmalıyıq? Qarşıdan soyuq payız və qış ayları gəlir. Sizdən xahiş edirik ki, bu ərizəmizdə göstərilən faktları araşdırmaq, günahı olanları cəzalandırmaq, borcumuzun düzgün hesablanması, aldığımız 2-ci qrup əlilliyə görə müavinata uyğun şəkildə həmin borcun yalnız həqiqi hissəsinin (bu, təqribən 70 manata qədərdir) hər ay hissə-hissə ödənilməsi üçün şərait yaratmaq və bizim işığa həsrət qoyulmamıza son vermək üçün göstəriş verəsiniz. Sizə bu kiçik məsələyə görə müraciət etməyimizə səbəb Masallı Elektrik Şəbəkəsinin və Masallı Rayon İcra Hakimiyyətinin şikayətimizə əhəmiyyət verməməsi, üzərinə düşən vəzifələri yerinə yetirməmələridir. Qabaqcadan vaxtınızı aldığımıza görə üzr istəyir, təşəkkürümüzü bildiririk. Sizə uğurlar diləyirik!

Orucova Tehran Ələsgər qızı
(+994502430919)”

Qarşı tərəfi də dinləməyə hazırıq…