Masallıda torpaqlar satılır

masal

Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin müdiri Hamil Hadıyev camaatın şəxsi əmlakını başqalarına satır

Azərbaycanın Qarabağ dərdi var. Torpaqlarımız əldən gedib və işğal altında olan torpaqlarımızın azad olunması üçün Azərbaycan Prezidenti, cənab İlham Əliyev illərdir ciddi danışıqlar aparır. Böyük ehtimalla yaxın gələcəkdə bu ağrılı problemimiz də həllini tapacaq. Bunu cənab Prezidentin qətiyyətli addımları bir daha təsdiqləyir. Amma sən demə, ölkədə torpaqla bağlı təkcə Qarabağ problemi deyil, əyalətlərdə də yetərli qədər sıxıntılar var. Hələ 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ölkədə torpaq islahatı aparıldı. Həmin islahatlar zamanı hər bir ölkə vətəndaşı qanuni torpaq payını aldı. Lakin bunun üzərindən 16 il sonra bəzi rayonlarda yerli torpaq şöbələrinin müdirləri ciddi qanun pozuntusuna yol verməklə yanaşı, həm də vətəndaşlara məxsus torpaq sahələrini də ələ keçirərək, onun biznesini təşkil etməyə başlayıblar. XALQ.AZ-a verilən məlumata görə, Masallıda bu sahədə vəziyyət dözülməzdir. Belə ki, rayonun Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinə rəhbərlik edən Hamil Hadıyev Rusiyadan gələn imkanlı adamlara və yerli şirkətlərə torpaq sahələri satmaqla məşğuldur. İşin dəhşətli tərəfi odur ki, Hadıyev bu prosesi ehtiyat fond hesabına deyil, ayrı-ayrı vətəndaşların paybəlli torpaqları sayəsində həyata keçirir. Belə ki, Hadıyev özünün ən yaxın iki adamı ilə birlikdə Masallı rayonunun Yeyənkənd, Güllütəpə, Hişkədərə, Yeddioymaq və daha bir neçə kəndində əhaliyə məxsus qanuni torpaq sahəsini qanunsuz olaraq başqalarına ya icarəyə verib, ya da satıb. Dəhşətli hal odur ki, şöbə müdiri onları sənədləşdirib də. Əgər belə hal varsa, o zaman bu sənədlərin saxta yollarla hazırlandığı qətiyyən şübhə doğurmur.

XALQ.AZ-a verilən məlumatda o da vurğulanır ki, artıq bununla bağlı rayonda heç də xoşagələn vəziyyət yaranmayıb. İndiyə qədər bir neçə kəndin sakinləri yerli İcra Hakimiyyətinə müraciət edərək, onlardan yaranmış problemi aradan qaldırılmasını tələb ediblər. Lakin hələlik onların müraciətlərinə heç bir müsbət cavab verilməyib. Bu azmış kimi, Hamil Hadıyev də torpaq satışına davam edir. Ona görə də, torpaqlarını itirməkdə olan kənd sakinləri tələblərini etiraz aksiyası ilə icra başçısına çatdırmaq fikrindədirlər.

Gələn məlumatlarda vurğulanır ki, Masallıda satışa çıxarılmış belə torpaq sahələrinin həcmi çoxdur. Elə onun satış qiyməti də ucuz deyil. Məsələn, Yeyənkənd kəndində 6 sot torpaq sahəsinin 15 min dollara satıldığına dair məlumatlar var. Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

/p