Masallıdakı istirahət mərkəzində ölüm

Masalli

Masallıda istirahət mərkəzində uşaq ölümü niyə gizlədilir?

Masallı rayonunun Kubin kəndi yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində ölüm hadisəsi baş verib. Adıçəkilən istirahət mərkəzinə anası ilə birgə müalicəyə gələn Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlu “istisu”  vannasında boğulub. Lakin 10 yaşlı Raufun faciəli ölümü gizlədilib.

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, ölüm faktı dünən saat 17 radələrində qeydə alınıb. Məlumatda bildirilir ki, Raufun anası uşağın boğulduğunu görərək ətrafdakılardan kömək istəyib. Ancaq kömək gecikdiyindən anası  bir müddət onu vannadan çıxara bilməyib. Çağırılmış təcili tibbi yardım maşını ilə Rauf Novruzov Masallı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Rauf Novruzovun “istisu” vannasına  vurulmuş kimyəvi maddələrdən zəhərləndiyi də ehtimal olunur. Aldığımız məlumatda qeyd olunur ki, bu vannalar mütəmadi təmizlənmir, suya qatılan kimyəvi maddələrin miqdarına isə nəzarət olunmur. Raufun da bundan zəhərləndiyi ehtimal edilir.

Məsələ ilə bağlı Masallı rayon hüquq mühafizə orqanlarının xəbəri olsa da, faktla bağlı heç  bir tədbir görülməyib.

Məsələnin maraqlı tərəfi ondadır ki, faciəli şəkildə ölən Raufun cəsədi yaşadığı Qarğalıq kəndinə aparılaraq dəfn olunub. Ancaq kənd sakinlərinə onun qarpızdan zəhərləndiyi deyilib.

Rayondan Qaynar.info-ya daxil olan məlumata görə, sözügedən istirahət mərkəzi Masallı  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərova məxsusdur. Obyektin onun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir.

Mövzu ilə bağlı Cəlil Nəzərovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmasa da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.