“Maşın”da onların iştirakı dəqiqləşdi – Siyahı

Təxminən 1 həftədən sonra Azərbaycanın ən səs-küylü realiti- şousu olan “Maşın” start götürəcək. Layihə bu dəfə də ATV kanalında yayımlanacaq.

Mətbuatda reytinqli yarışmada iştirak edəcək məşhurların bir neçəsinin adı hallansa da, avtomobil uğrunda mübarizə aparacaq 18 tanınmışın adı gizli saxlanılır. İştirakçıların kimliyi oktyabrın 1-də canlı yayımda açıqlanacaq.

Yayılan məlumata əsasən, siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib.

XALQ.AZ xəbər verir ki, “Qafqazinfo” qalmaqallı şouda yer alan tanınmışların adlarını əldə edib.

Verilişdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova yer alacaq. “Bacanaqlar” serialı ilə ulduzu daha da parıldayan aktrisanın emosional çıxışları, yumoristik atmacaları ilə “Maşın”a rəng qatacağı gözlənilir. 

Müsabiqənin digər bir yeni siması isə xeyli müddətdir Türkiyədə yaşayan müğənni Ayan Babakişiyevadır. Onu uzun illərdir qadağada olduğu kanalın əsas şousunda  görəcəyik. 

Son zamanlar müğənni kimi ard-arda mahnılar çıxardan, kliplər təqdim edən Aysun İsmayılova da avtomobil uğrunda mübarizə aparacaq tanınmışlar sırasındadır.  Aysunun anası Rəqsanə İsmayılova kimi “Maşın”da qalmaqallı çıxışlar edəcəyi, qruplaşmalarda yer alacağı ehtimal edilir. 

Layihənin digər üzvü isə Aşıq Namiq Fərhadoğludur.  Həm media, həm də sosial şəbəkələrin tez-tez dilinə düşən Namiq şouda öz yerini alıb. 

“Maşın” realiti şousunda yenə sosial şəbəkə fenomeninə yer verilib. Bu dəfə isə Rəsul Abbasov layihədə iştirak edəcək.

Müsabiqədə iştirak edəcək digər tanınmış isə Fuad Musayevdir. 

Bundan əlavə, Nigar Camal, Ramal İsrafilov, Ələkbər Yasamallı, Elcan Rəsulov, Kərim Abbasov, Niyam Salami, Raufun da şouda yer alacağı iddia edilib. Lakin adları çəkilən tanınmışlardan bir neçəsi məlumatı təkzib edib.