Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bir qrup mədəniyyət və incəsənət xadimləri arasında keçirilən görüş zamanı “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadənin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə Bakıda heykəl ucaldılması təklifi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

XALQ.AZ xəbər verir ki, məsələ ilə bağlı  danışan Bəhram Bağırzadə bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdüyünü və bu məsələ ətrafında fikir mübadiləsi apardıqlarını bildirib:

“Bu mənim vətəndaşlıq borcum idi. Mən bir gün bu istəyimin reallaşacağına ümid edirdim. Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Mənim fikirlərim Heydər Əliyev Fondu tərəfindən dinlənildi və H.Z.Tağıyevin heykəlinin ucaldılması istiqamətində irəli sürdüyüm təklifin həyata keçirilməsi üçün işlərə başlanıldı”.

B.Bağırzadə görkəmli xeyriyyəçinin heykəlinin ucaldılması üçün beş ərazinin seçildiyini və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edildiyini deyib:

“Mən öz fikrim olaraq, heykəlin Bakıda, Kukla Teatrının qarşısında qoyulmasını təklif etmişdim. Lakin bu sadəcə mənim təklifim idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, memarlar və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının birgə qərar verəcəyi məsələdir. Sözügedən beş ərazi müvafiq komissiyadan keçdikdən sonra elan ediləcək. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan ediləcək və heykəlin kim tərəfindən ucaldılacağına qərar veriləcək”.

 

Orxan