Mehriban Əliyeva bir sıra görüşlər keçirib

Mehriban Əliyevanın Brüno Lömer ilə görüşü olub.

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

XALQ.AZ  xəbər verir ki, nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirdi. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer dedi ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etdi. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif etdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirdi və bunun üçün yaxşı zəmin olduğunu vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Bildirdi ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd etdi. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını dedi. Bildirdi ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.

****

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

Fransanın mədəniyyət naziri Frank Riyester Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verildi ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb. Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər – konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. 1986-cı ildə açılışı olan Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası daha çox ziyarətçilərin diqqətini çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif çalarları əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

****

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Bricit Makron ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulandı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Bricit Makronu ölkəmizı səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

****

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.

Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü oldu.

Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğuladı. Azərbaycanda qadınlara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırdı. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirdi ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu dedi. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırdı. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu dedi və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirdi ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzaladı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü oldu.

Fransanın Baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Eduard Filip Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin və səfər çərçivəsində Prezident Emanuel Makronla görüşünün ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı. Fransanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirdi. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını dedi, bu şirkətlərin Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğuladı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən Mehriban Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırdı. Azərbaycandakı iqtisadi inkişaf proseslərindən danışan Mehriban Əliyeva ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasında olduğunu bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti bu il hökumətlərarası komissiyanın toplantısının keçirilməsinin önəmini vurğuladı. Humanitar, mədəniyyət, elm sahələrində əməkdaşlıqdan danışarkən Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi.

Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirildi.

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzaladılar.

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzaladılar.

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzaladılar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.

Görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulandı.

Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu dedi. Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan – Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, – deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırdı. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət etdi.

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu dedi. “Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, – deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul etdi.

Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

image description

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.