Mehriban Əliyeva qızları ilə bayram şənliyində

Dekabrın 28-də Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Artıq ənənəvi xarakter alan şənlikdə hər il olduğu kimi, bu il də uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.

Hər il olduğu kimi bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.

Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr – ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları cəlb olunub. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olublar, onlarla birlikdə şənləniblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

M. Əliyeva bildirib ki, görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir.

“Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.

Əziz uşaqlar, əziz valideynlər, əziz dostlar. Mən ümidvaram ki, 2018-ci il sizin üçün uğurlu oldu və sizin xatirənizdə xoş anlarla yaşayacaq. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Əziz müəllimlər, sizin hər birinizə öz dərin minnətdarlığımı çatdırıram. Hər il Heydər Əliyev Fonduna dəstək göstərən və “Buta Palace”da bu şənlikdə iştirak edən və bu bayram ab-havasını yaradan bizim istedadlı sənət adamlarına öz dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Qoy, Azərbaycanın səması daim açıq, dinc və aydın olsun! Sizi təbrik edirəm. Çox sağ olun”.