Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət etdi.
“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu dedi. “Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, – deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul etdi. Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.