“Mehriban Əliyeva vətəndaşların müraciətlərinə baxılmasında var qüvvəsi ilə çalışır”

“Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında ölkədə yeni təsis olunan və artıq özünü ölkə həyatının mühüm qollarından biri kimi təsdiq etmiş vitse-prezidentlik institutu da mühüm rol oynayır. Azərbaycan xalqının xüsusi hörmətini və etimadını qazanmış Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bunun çox uğurlu bir yenilik olduğu öz təsdiqini tapıbdır”. 

XALQ.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd olunub.

Onun sözlərinə görə, ölkənin Birinci vitse-prezidenti artıq bir çox mühüm yeniliklərin təşəbbüskarına çevrilib:

“Mehriban xanım Əliyevanın gördüyü işlər son dərəcə əhatəli və vacibdir, ölkəmizin iqtisadi inkişafına, bir çox vacib sosial problemlərin həllinə, xarici ölkələrdə həyata keçirilən humanitar layihələr vasitəsilə mövqelərimizin gücləndirilməsinə, bütövlükdə ümumi işimizə verilən böyük töhfədir. Təsadüfi deyildir ki, Azərbaycan vətəndaşları bir çox problemlərinin həlli üçün ona müraciət edir və haqlı tələblərinin əksəriyyətinə müsbət cavab ala bilir, zəruri yardımlar əldə edirlər”.

PA-nın şöbə müdiri qeyd edib ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır:

“Nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda, özünü qətiyyətli, güclü ictimai-siyasi və dövlət xadimi, güclü şəxsiyyət, ən işgüzar birinci xanım kimi tanıtmış bu yorulmaz insan tükənməz enerji ilə çalışaraq mühüm dövlət işlərini vətəndaş, ailə qayğıları ilə uzlaşdıra bilmiş, elm və sənət adamının da, din xadiminin də, əsgər və zabitin də, sıravi insanın da ümid və pənah ünvanına çevrilmişdir. Onun ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldığı mükafatlar buna sübutdur. 2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibinin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafatının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir”.

S.İsmayılov bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, mədəniyyət və incəsənətinin dünyaya tanıdılmasında, ölkəmizdə keçirilən böyük humanitar və idman tədbirlərinin təşkilində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların problemlərinin həllində, onların müraciətlərinə daha diqqətlə baxılmasında var qüvvəsi ilə çalışır:

“Məhz onun təşəbbüsü, habelə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın yaxından köməyi və iştirakı ilə respublikada böyük humanitar tədbirlər keçirilir, ehtiyacı olan insanlara dəstək və yardımlar göstərilir, insanların öz qabiliyyətini və işgüzar potensialını üzə çıxarması üçün bir-birindən uğurlu layihələr reallaşdırılır. Belə tədbirlərin təkcə respublika daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da keçirilməsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi kimi tarixi hadisələr barədə dünya ictimaiyyətinə obyektiv məlumat verilməsi daim müsbət qiymətləndirilir. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bu qəbildən olan digər insanların həyat şəraitinin yaxşılaşdırılması, onlara qayğının gündən-günə artırılması xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır”.