Mehriban xanım Əliyeva körpələr-evi uşaq bağçalarında

 

03

Birinci xanım Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışında iştirak edib

Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak etdilər.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, yüksək standartlara uyğun inşa olunmuş bağçanın həyətində uşaqların istirahəti üçün yüksək şərait yaradılıb. Burada köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri qurulub. Hər iki binanın ayrıca girişi var.

Sonra birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunub. Binanın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi layihələri əks etdirən xüsusi guşə yaradılıb.

Azərbaycanın birinci xanımı bağçada uşaqlar üçün yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar vardır. Bağçanın divarlarını uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri bəzəyir. Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait var.

 


02

Mehriban Əliyeva Xətai rayonundakı körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

Fondun prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr-evi uşaq bağçasına gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmayıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanıb. Əsaslı təmir nəticəsində bağçada yüksək şərait yaradılıb.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaq. Bağçada 6 qrup var.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, xüsusi istirahət guşələri yaradılıb, uşaq attraksionları qurulub.

Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanıb.

Məlumat verildi ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaq. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcək.