Millət vəkili AŞPA-ya ÇAĞIRIŞ etdi

Millət vəkili Q.Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.

Bu gün AŞPA-da “ Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında İstanbul Konvensiyası : nailiyyətlər və çağırışlar” və “Avropa Şurasının iddialı gender bərabərlıyi gündəliyinə doğru” adlı qətnamə layihələri ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva çıxış edərək işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.
“Əziz həmkarlar,
Qadınlara qarşı zorakılıq insan haqları pozuntusudur və ona qarşı birlikdə mübarizəmizi daha da gücləndirməliyik. Burada qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində maraqlı təkliflər, fikirlər səsləndi və biz onları dəstəkləyirik. Mən burada silahlı münaqişələr zamanı zorakılıq qurbanı olan qadınların adından danışaraq onların sizə çağırışlarını da səsləndirmək istəyirəm.
Əziz dostlar,
Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşamışdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. Bu gün də onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Çünki Ermənistan BMT-nin o cümlədən AŞPA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina edir. Biz təşkilatımızı hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, yaralanmış, əsir götürülmüş azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı alması, ədalətin öz yerini tapmasına daha fəal dəstək olmağa çağırırıq. Bu müzakirələri və ümumiyyətlə Assambleyamızın işini burada çox sayda Azərbaycan qadın qeyri-hökumət təşkilatları da izləyir. Onlar da sizi bu həssas məsələyə daha çox diqqət ayırmağa və addımlar atmağa çağırırlar

Əziz dostlar,
Gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi sahəsində və qadınlara qarşı zorakılıqla mübarizə istiqamətindıə üzv ölkələrdə irəliləyişlərə nail olunmasına baxmayaraq, daha çox işlərin görülməsinə böyük ehtiyac var. Bu mövzularda fəallığımızı daha da artırmalıyıq. Xüsusilə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına üzv ölkələr olaraq daha çox önəm verməliyik.
Əziz dostlar,
Azərbaycan xalqının təmsilçiləri kimi, biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Qeyd etməliyəm ki, Azərbaycan qadınlara qarşı zorakılıqla, məişət zorakılığı ilə fəal mübarizə aparan ölkələrdən biridir. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə bizim ölkəmizdə əsas diqqət mərkəzində olan mövzulardan biridir və bu istiqamətdə bir çox qanunlar qəbul edilib. Beynəlxalq və milli tərəfdaşlarla birlikdə çox sayda tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir. Bu işlərin görülməsində qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edilir. Azərbaycanda Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasındə xüsusi vurğulanan hədəflərə xüsusi diqqət yetirlir, gender bərabərliyinin effektik reallaşmasına nail olmaq üçün çox saylı layihələr həyta keçirilir. Azərbaycan xalqının tarixinə nəzər yetirsək görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla , cəmiyyətin inkişafına öz tövhələrini veriblər. Lakin bu gün dövlət dəstəyi sayəsində bütün sahələrdə qadınların sayı daha da artmaqdadır. Biz hesab edirik ki qadınların cəmiyyətin bütün sahələrində rolunun artması, o cümlədən qadınlara qarşı zorakılıqla daha effektli mübarizə üçün hər bir ölkədə bu istiqamətdə güclü siyasi iradənin ortaya qoyulması və bu mövzuların prioritetlər arasında olması çox vacibdir.”

XALQ.AZ


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.