Millət vəkili antibiotiklərlə bağlı həyəcan təbili çalır

 

06

Tibb dünyası sözün gerçək mənasında şokdadır və ciddi antibiotik həyəcanı yaşayır.

Çünki bakteriyaların antibiotiklərə qarşı müqaviməti sürətlə artır.Xalq.az  xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva  ABŞ-da yayımlanan “Newsweek” jurnalında gedən maraqlı bir məqaləylə bağlı fikirlərini bildirərkən deyib.

Bakteriyaların getdikcə insanlar üçün daha təhlükəli olmağa başladığını deyən millət vəkilinin sözlərinə görə, bu barədə alimlərin xəbərdarlıqları çox narahatvericidir:

“Corc Vaşinqton Universiteti Tibb fakültəsindən olan doktor Lans Prins də yaranmış vəziyyəti toplumun sağlamlığına qarşı ən böyük təhdidlərdən biri adlandıraraq deyib ki, daha öncə antibiotiklə rahatlıqla müalicə edə bildiyimiz kiçik infeksiyaları müalicə edə bilməyəcək hala gəlirik. Stanford Universitetindən Devid Relman da son dövrdə həkimlərin infeksiyaların antibiotiklə müalicəsində çətinlik çəkdiklərini qeyd edib.

Q.Paşayevanın sözlərinə görə, belə vəziyyətin yaranmasının əsas günahkarı insanların özüdür:

“Çünki antibiotiklərə qarşı dayanıqlı, güclü müqavimət göstərən bakteriyaların ortaya çıxmasında ən böyük məsuliyyəti dəqiq bilmədən, öyrənmədən, kortəbii şəkildə antibiotikdən istifadənin üzərinə düşür. Bunu biz edirik. Məsuliyyət təkcə sadə insanların üzərinə düşmür.

Onlardan daha böyük məsuliyyət kiçik bir rahatsızlıq olan kimi bir insana, bir xəstəyə həmin dəqiqə antibiotik verən, yazan həkimlərin üzərinə düşür. Amma gəlin razılaşaq ki, indi öz-özünün həkimi olan və bir az özünü pis hiss edən həkimlə məsləhətləşmədən antibiotik istifadə edənlərin sayı yüz minlərlədir. Bununla yaratdıqları təhlükənin fərqində belə deyillər. Özlərinin və övladlarının, yaxınlarının bu günü və gələcəyi üçün nə qədər böyük təhlükə yarandığının bəlkə fərqində belə deyillər”.

Millət vəkili bildirib ki, bizi gözləyən təhlükənin artıq fərqində olmalıyıq. İnsanların, xəstələrin tez-tez antibiotik istifadə etməsi bakteriyaların da mutasiyaya uğrayaraq özlərini bu dərmanlara qarşı dayanıqlı, daha güclü müqavimət göstərən hala gətirməsinə səbəb olub.

ABŞ da infeksion xəstəliklərlə mübarizə aparan CDC-nin məlumatına görə, son illər sadəcə ABŞ-da hər il 2 milyon insan antibiotikə güclü müqavimət göstərən infeksiyalara tutulur və onların 23 min nəfəri ölür.

Q.Paşayeva hesab edir ki, hər bir ölkədə bu cür araşdırmaların və statistikaların olması çox önəmlidir.

“Tibb dünyasını və bu məsələnin nə qədər təhlükəli olduğunun fərqində olanları digər məsələlər də ciddi narahat edir. Çünki antibiotiklər təkcə infeksion xəstəliklər deyil, bu gün sürətlə yayılan xərçəng xəstəlikləri zamanı kemoterapi və orqan köçürülməsi zamanı da çox böyük önəm daşıyır.

Antibiotiklərin təsirinin zəifləməsində heyvandarlıq sektorunda toyuq və s. kimi heyvanları tez böyütmək üçün istifadə olunan antibiotikli hormonların da çox böyük rolu var və bu çox geniş yayılıb. O toyuqları isə təəssüf ki, biz yeyirik”.