Qənirə Paşayeva tələbələr üçün çağırış etdi

XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva MM-də dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışıb və  “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbuluna çağırıb.

Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”. Bunu bu gün Milli Məclisin iclasında millət vəkili Q.Paşayeva deyib. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Millət vəkili Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir. Dövlət ali məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərdən I kursda təhsil haqqının ya tam şəkildə, ya da çox hissəsinin dərs mövsümü başlamadan öncə ödənilməsinin tələb edilməsi imkanları zəif olan ailələrin və onların övladları üçün nə qədər ağır problem olduğunu və bu səbəbdən hətta bəzi gənclərin ali təhsil almaqdan imtina etmək məcburiyyəti dilemması qarşısında  qalan ailələrin böyük çətinliklərlə həmin vəsaiti taparaq ödəyə bilmələrini xüsusi vurğulayan millət vəkili “Təhsil kreditləri haqqında” qanun layihəsinin özəlliklə imkanları zəif ailələrin təhsilə meylli gənclərinin ali təhsil almaq imkanlarını genişləndirəcəyini bildirib və bunun ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyətindən danışaraq yaxın zamanlarda bu məsələnin qanun layihəsi çərçivəsində həllini tapacağına ümid etdiyini deyib :”Təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın”. İnkilaf edən ölkələrdə təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər və bu müzakirələr çox vacibdir. İmkanları aşağı, amma istedadlı gənclərin təhsil ala bilməsi üçün onlara dəstək daha da artmalıdır deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir və o, payız sessiyası dövründə bu məsələnin diqqətdə olmasına çağırıb.

 

 

Orxan