Millət vəkili erməni nazirdən danışdı

 

Ukraynada yaşayan soydaşlarımızın bir çox problemləri var və onların bu gün keçirilən etiraz aksiyasındakı tələblərində haqlıdır.

XALQ.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rüfət Quliyevdeyib.

Millət vəkilin sözlərinə görə, o, bir azərbaycanlı, həm də İşçi Qrupunun rəhbəri kimi hər zaman Ukraynada yaşayan azərbaycanlıların problemlərini diqqət mərkəzində saxlayır və onların həlli istiqamətində addımlar atır.

“Bir az öncə Ukraynada keçirilən etiraz aksiyası ilə maraqlandım. Bir neçə adamla əlaqə saxladım. Oraya yığılanlar Ukraynadakı diasporumuzun nümayəndələridir və öz etirazlarında, tələblərində haqlıdırlar. Çünki son illər Ukraynada Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, azərbaycanlı iş adamlarının incidilməsi, oğurlanması, hətta qətlə yetirilməsi kimi hallar var.

Bununla bağlı İşçi Qrupunun rəhbəri kimi həm mənim, həm də Milli Məclis rəhbərliyinin Ukrayna Ali Radasına müraciətlərimiz olub. Biz Ukraynanın Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, Təhlükəsizlik Xidmətinə və Prezident Administrasiyasına  bununla bağlı mövqeyimizi, fikirlərimizi çatdırmışıq.

Bu müraciətlər nəticəsində problemlərin bir qismi həll olunsa da, bir qismi bu günədək öz həllini tapmayıb. Bunun başlıca səbəbkarı Ukraynanın milliyyətcə erməni olan daxili işlər naziridir. İstər-istəməz qan – “erməni qanı” özünü göstərir. Onun azərbaycanlılara qarşı sanki bir nifrəti var. Azərbaycanlıların problemlərinin həllinə daim saymazyanalıq göstərir.

Bugünkü aksiya da bir ay öncə oğurlanmış azərbaycanlı iş adamı ilə bağlı olub. Artıq soydaşlarımızın səbir kasası daşıb. Dözə bilmirlər, cinayətkarların aşkarlanması və cəzalandırılmasını tələb edirlər.

Mənə verilən məlumata görə, daxili işlər nazirinin müavini etirazçılara söz verib ki, həmin iş adamının ailəsini daxili işlər naziri qəbul edəcək. Hərçənd ki, erməni nazirin nəsə edəcəyinə ümid azdır, amma gözləyək, görək, nə olur…

Bir daha qeyd edirəm ki, soydaşlarımızın etirazları haqlıdır və onların tələbləri yerinə yetirilməlidir”, – deyə millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU