Millət vəkili etiraz etdi

8

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü iş günüdür. Xalq.az-ın xəbərinə görə, bu gün əsaslı səbəblərə görə, Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunur.

Belə ki, müzakirələr AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Stefan Sçennak (Stefan Schennach) tərəfindən hazırlanan “Əhəmiyyətli səbəblər üzündən Rusiya nümayəndə heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi” adlı hesabat ətrafında aparılır.

Müzakirə zamanı Rusiya Federasiyasının qurumdakı nümayəndə heyəti assambleya zalını tərk edib.

AŞPA üzvləri tərəfindən qətnamə layihəsinə 16 dəyişiklik təklif olunub. Təkliflərin əsasını hesabatın “Rusiya Federasiyasının Ukraynaya qarşı hərəkətlərini pisləmək məqsədilə Assambleya 2015-ci ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin səsvermə hüququnu dondurmaqla onun səlahiyyətlərinin təsdiq edilməsinə qərar verir” fikirləri əks olunan 14-cü bəndin ləğvi təşkil edir. Belə ki, AŞPA üzvləri həmin bəndin “Rusiya Federasiyasının Assambleyadakı üzvlərinin Krımın qeyri-qanuni işğalını təsdiq etmələri və ona fəal dəstək vermələri qətiyyətlə pislənilməlidir. Nəticə etibarilə, Assambleya gözləmə mövqeyi tutmadan Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğv olunmasına qərar verir” bəndi ilə vəz etməyi təklif ediblər.

Müzakirələrin davamında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, bizim Rusiyaya qarşı sanksiya tətbiq edib, etməməyimizin heç bir əhəmiyyəti yoxdur: “AŞPA-da bu kimi dəyərlər qiymətləndirilmir. Artıq Azərbaycan 13 ildir ki, AŞPA-nın bərabərhüquqlu üzvdür və bu müddət ərzində bu tribunada Ermənistan tərəfindən 20 ildir işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə bağlı dəfələrlə çıxışlar etsək də, heç bir nəticə olmayıb. Ermənistana qarşı sanksiyaların tətbiqi ilə bağlı səsimiz eşidilmir. İşğalçı ölkəyə qarşı heç bir sanksiyalar tətbiq edilmir. Ona görə də Rusiyaya qarşı hər hansı bir sanksiyaların tətbiq edilməsi yenə də ikili standartlardan xəbər verəcək. Bizim Rusiyaya sanksiya tətbiq etməyimiz, Ermənistanın işğalçılıq əməllərinə də aid ediləcəkmi? Bu sualın cavabı bizim üçün çox maraqlıdır”.