Millət vəkili məktəbli ilə onlayn görüş keçirdi – Foto

Deputat Vüqar İskəndərov ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri olan İnci Abdulsəlimli ilə onlayn görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Şəki şəhər R.Əfəndiyev adına 10 saylı orta məktəbin 11-ci sinif şagirdi İ. Abdulsəlimli müsabiqədə “Heydər Əliyev xarizmatik liderdir” mövzusunda çıxış edib. Onun bu təqdimatı ən yaxşılar sırasında yer alıb.

Millət vəkili onlayn görüş zamanı məktəblini bu qələbə münasibəti ilə təbrik edib, gələcək təhsilində ona uğurlar arzulayıb.  Vüqar İskəndərov həmçinin, ulu öndərin keçdiyi həyat yolu və ölkəmizin inkişafı üçün gördüyü işlərdən də geniş bəhs edib. Müsabiqə qalibi də öz növbəsində bu onlayn görüş üçün millət vəkilinə təşəkkürünü bildirib və bu görüşün onun təhsili və gəcələk həyatı üçün böyük stimul olacağını dilə gətirib.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.


XALQ.AZ