Millət vəkili Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik etdi

“Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib”.

Azərbaycan mətbuatı bu gün 145 illik yubleyini qeyd edir. Ötən dövr Azərbaycan mətbuatı üçün heç də asan olmayıb. Amma bütün çətinliklərə baxmayaraq milli mətbuatımız Azərbaycanın ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Azərbaycan öz  dövlət müstəqilliyini  yenidən bərpa etdikdən sonra  dördüncü hakimiyyət  rolunu oynayan mətbuatımız cəmiyyətin aparıcı funksiyasını yerinə yetirməklə, milli, dövlətçilik maraqlarını qoruyub. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan mediası işini təkcə cəmiyyətə  baş verən hadisələri çatıdırıb,  məlumatlandırmır, eyni zamanda  toplumun rəy və qərarlarına təsir etmək gücünə malikdir. Odur ki, medianın bu gün cəmiyyətdə ictimai fikrin formalaşmasında rolu danılmazdır. Azərbaycan mediasının ölkədə demokratik cəmiyyətin qurulmasında da xüsusi rola malikdir. 

Azərbaycan jurnalistikası koronavirus pandemiyası dövründə də üzərinə düşən missiyanın öhdəsindən gələrək  cəmiyyətinin məlumatlandırılmasında, maarifləndirilməsində, ictimai rəyin formalaşdırılmasında mühüm rol oynadı. 

Müasir dünyada  medianı həm də yumşaq güc hesab edirlər. Böyük dövlətlər  hər hansı ölkədə öz maraqlarını təmin etmək  üçün təkcə hərbi potensial  və digər təzyiq vasitələrindən istifadə etmirlər. Bu niyyətə düşənlər ilk növbədə hədəfə aldıqları ölkənin informasiya məkanını, mediasını nəzarət altına almaqla çalışırlar və ya özlərinin transmilli informasiya şəbəkəsi vasitəsi ilə ölkəyə hücuma keçirlər.  Belə hücumlar bir növ real döyüşlərdə quru hücumundan əvvəl reallaşdırılan artilleriya hücumuna bənzəyir. Necə ki, davamlı olaraq Azərbaycan da zaman-zaman belə haqsız informasiya hücumlarına məruz qalır. Azərbaycanı sevməyən, düşmən münasibət bəsləyən ölkə və mərkəzlər, erməni lobbisi ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq aləmdə mənfi  rəy formalaşdırmağa, ictimai-siyasi sabitliyi pozmağa, xaos yartamağa, təxribatlar törətməklə  dövləti zəiflətmək istəyirlər. Ancaq Azərbaycan  jurnalistikası  ayıq-sayıq olduğundan  belə hücumlara qarşı  vahid mövqe sərgiləyə bilir. Azərbaycan  mediası həqiqətlərin dünyaya çatdırılmasında əlindən gələni etməklə  üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır.

 Son günlərdə işğalçı Ermənistan ordusunun Tovuz istiqamətində törətdiyi təxribat zamanı Azərbaycan mediasının bir daha dövlətçilik və milli maraqlara xidmət etdiyini sübut etdi. Təkcə erməni təxribatını ifşa edib, dünyaya çatdırılması baxımından deyil, eyni zamanda  ölkə daxilində milli həmrəyliyin formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlidlməsi və aşılanmasında,  cəmiyyətin vahid mövqedən çıxış etməsində  də müstəsna rol oynadı. 
Azərbaycan dövləti də bütün bunları nəzərə alaraq  medianın inkişafına dövlət dəstəyi verib.Cənab  Prezident  İlham Əliyevin  “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında”  imzaladığı sərəncam  bunun bariz nümunəsidir.

Azərbaycan jurnalistlərini  peşə bayramı və medianın   145 illik yubleyi  münasibəti ilə təbrik edir, gələcək fəliyyətlərində uğurlar arzulayırıq. Əminik ki, Azərbaycan jurnalistikası  bundan sonra da dövlət və milli maraqları  üstün tutaraq üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcəklər!

Hörmətlə millət vəkili Ülvi Quliyev