Millət vəkili nazirə müraciət etdi

Bir müddət öncə müşahidə olunan güclü külək nəticəsində Bərdədə elektrik enerjisi təsərrüfatına ziyan dəymişdi. Seçicilərimdən aldığım məlumata görə bir sıra ərazilərdə elektrik xətləri sıradan çıxıb, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanmışdı. Məsələ ilə bağlı dərhal rayon icra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxladım. Məlum oldu ki, problemin yaranmasına əsas səbəb güclü külək nəticəsində hündür ağacların elektrik naqilləri ilə təmas etməsi olub.Problemin aradan qaldırılması üçün icra hakimiyyəti və ekologiya idarəsinin nümayəndələri hadisə yerində olublar. Bunun üçün vacib görülməli işlərdən biri elektrik xətlərinə təhlükə yaradan ağacların təcili budanmasıdır.Amma həmin ağacların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmalıdır. Əks halda, bu işi görən şəxslər cərimələnə bilərlər.

XALQ.AZ xəbər verir ki, bunu Bərdədən seçilən millət vəkili Fatma Yıldırım deyib.

“Biz koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün insanlara evdə qalmağa çağırırıq. Ona görə də, belə şəraitdə onların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi çox vacibdir.Bərdə rayonunun millət vəkili kimi bu problem məni çox narahat etdi. Ona görə də Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevlə əlaqə saxlayaraq problemin həllinə kömək göstərilməsini xahiş etdim. Artıq Bərdə rayonunda qeyd olunan məsələ rəsmi qaydada həllini tapmaqdadır, elektrik naqillərinə problem yaradan ağacların budanması işləri həyata keçirilməyə başlamışdır. Əminəm ki, görülən bu işlər gələcəkdə bərdəlilərin elektrik enerjisi ilə fasiləsiz təminatında hər hansı problemlə qarşılaşmamasına səbəb olacaq. Bu mühüm məsələnin həllində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm!-deyə, o, əlavə edib.