Millət vəkili seçicilərinə tibbi ləvazimat göndərdi

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın digər yerlərində olduğu kimi, Sabirabad rayonu ərazisində də xüsusi karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən, əhalinin sosial təcridinin gücləndirilməsi işi daha da ciddi xarakter alıb. Bundan irəli gələn qərarlardan biri də şəhərlər və rayonlararası gediş-gəlişlərə məhdudiyyət və qadağaların qoyulmasıdır.

Millət vəkili Ramin Məmmədov XALQ.AZ -a bildirib ki, belə bir vəziyyətdə Sabirabad-Salyan yolunun (el arasında “Noxudlu” yolu adlanan) üstündə yerləşən və əhalisi 20 000 nəfərdən çox olan 12 kəndin ərazisində aptekin olmaması müəyyən çətinliklər yaradıb: “Adi günlərdə kənd sakinləri gündəlik tələbat mallarını əldə etmək üçün 50-60 km məsafədə yerləşən Sabirabad rayon mərkəzindən deyil, məsafə baxımdan daha yaxın olan Şirvan və Salyan şəhərlərinə səfər edirdilər. Mövcud vəziyyətlə bağlı yaranmış çətinlikləri aradan qaldırmaq üçün bir qrup seçicilər tərəfindən mənə olunan muraciətlərin həlli istiqamətində ilkin addımlar atılıb. 

Belə ki, yeddi tibb məntəqəsi (Qarağac, Poladtuğay, Xankeçən, Muğangəncəli, Cəngan, Çiçəkli, Salmanlı kəndlərində) və iki sahə xəstəxanasının (Yaxa Dəllək və Azadkənd kəndlərində) fasiləsiz və davamlı faəliyyəti təşkil edilib, xəstələr üçün ilkin tibbi yardım ləvazimatları həmin doqquz tibb məntəqəsinə göndərilərək sakinlərin dərmanlarla PULSUZ təchizatı təmin edilib”.

R.Məmmədov Sabirabad rayon mərkəzindən 50-60 km məsafədə yerləşən bu tibb məntəqələrinə tibbi ləvazimatların təmin olunmasında xüsusi əməyi olan Sabirabad şəhəri 1 saylı “Zəfəran” aptekinin əməkdaşlarına, Sabirabad rayon Mərkəzi Xəstəxanasının kollektivinə, xüsusən Asif Sadıqova, Qalib Mirzəyevə, Hidayət Mehdiyevə, Fəranə Qacayevaya təşəkkürünü bildirib. 

O qeyd edib ki, bu qəbildən olan işlər davam etdiriləcək.