Millət vəkili tibb işçiləri üçün çağırış etdi

Tibb işçilərimizi necə daha yaxşı qoruya bilərik?

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai facebook səhifəsində bir sıra məsələləri qeyd edib. N.Arpadarai bilidrib ki, hazırkı statistik məlumatlara əsasən ölkəmizdə indiyədək 584 Covid-19 virusuna yoluxma halı qeydə alınmışdır. Bunlardan xəstəliyin aktiv fazasında olan 547, karantində olan minlərlə insan var. Belə bir şəraitdə koronavirusla mübarizə məsələsində ön cəbhədə çalışan, ən çox risk altında olan insan qrupu bizim həkimlər, səhiyyə işçilərimizdir. Onlar bu bəla ilə fədakarcasına mübarizə aparır və məhz tibb işçilərinin qorunması məsələsi gündən günə aktuallığını artırır. Koronavirusla mübarizə tədbirlərində iştirak edən səhiyyə işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı hələ bir neçə həftə öncə, karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb, aidiyyatı qurumlara müvafiq göstərişlər verib.

Hesab edirəm ki, pandemiya dövründə səhiyyə işçilərinin qorunması və gələcəyə əminliyini təmin etmək üçün atılmalı olan növbəti addım, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan insanlar üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi olmalıdır. Bəzi ölkələr artıq belə bir sistemin tətbiqini elan ediblər. Əminəm ki, Azərbaycanda da bunu etmək mümkündür. Təbii ki, hazırda dövlət tibb işçilərini qorumaq üçün lazımi sanitar şəraitin yaradılmasını təmin edir. Lakin bütün dünyada praktika onu göstərdi ki, heç bir qoruma yolları 100% yoluxmanın qarşısının alınmasını təmin etmir. Ona görə də pandemiya dövründə, xüsusi karantin rejimi olan zaman xəstələrlə birbaşa ünsiyyətdə olan işçilərin həyat sığortasının tətbiqi önəmlidir! Bunun bir neçə yolu ola bilər:

– Hərbi qulluqçular üçün tətbiq olunan dövlət sığortasının pandemiya zamanı bu kateqoriya insanlara tətbiq olunması
– Dövlət subsidiyası əsasında sığorta mexanizminin tətbiqi, yəni hökümətlə özəl sektorun birgə işi sayəsində mexanizmin yaradılması
– Bu sahədə tamamilə yeni mexanizmin yaradılması.

Növbəti günlər ərzində bu məsələ ilə bağlı ən münasib təklif hazırlamaq üçün araşdırma aparıb, müvafiq qurumlara sorğuları yönləndirəcəyəm.

Əminəm ki, indiki şəraitdə bunu pandemiya dövrü üçün tətbiq etmək olar, lakin sonrakı mərhələlərdə bu məsələnin qanunvericilik səviyyəsində həllinin tapılması mütləqdir. Belə sistemin mövcudluğu, sağlamlığı bahasına, fədakarcasına işini görən səhiyyə işçilərinə və xəstələrlə ünsiyyətdə olan digər sahənin əməkdaşlarına daha çox əminlik və güvənlik vermiş olardı.