Millət vəkili Tovuzda kənd xəstəxanalarını ziyarət edib

Millət vəkili Q.Paşayeva Tovuzda bir sıra kənd xəstəxanalarını ziyarət edib, həkimlərin və tibb işçilərinin qayğıları ilə maraqlanıb. Həkimlər və tibb işçiləri ilə görüşdə millət vəkili kənd sakinlərimizin bir sıra xəstəliklərlə bağlı geniş tibbi maarifləndirilməsini həyata keçirməliyik və bu məsələlərdə sizin fəallığınıza böyük ehtiyac var deyib.  “Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir,” – deyə millət vəkili Q.Paşayeva bildirib.  Bu gün çoxlu sayda xəstəliklərin sürətlə artdığını, bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzündən həyatının risqə girməsi hallarının azalmadığını deyən millət vəkili Qənirə Paşayeva xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu dedi.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu istiqamətdə, ana və yenidoğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var. “Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də lazımı  addımlar atılmaqdadır. Qadağalar  və cərimələrlə problemləri və narahatlıqları tamamilə həll etmək mümkün deyil. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu işlər birlikdə görülərsə, o zaman istənilən nəticələri əldə edə bilərik.” Millət vəkili kəndlərin ziyalıları və sakinləri ilə də görüşüb, görüşlərdə tibbi maarifləndirmə işinin aparılmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsi aparıb. Uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meylliyin artmaması istiqamətində bütün ziyalıları, müəllimləri,  sakinləri aktiv mübarizəyə səsləyən millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən millət vəkili bu işdə kənd ziyalılarının, müəllimlərinin və valideynlərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsini qadağan edilməsi haqqında” qanunun qəbul olunduğunu və onun yerlərdə icra olunmasının vacibliyini də vurğulayıb.