Millət vəkili türk yazarları Qarabağdan yazmağa çağırıb

71
Nevşəhər Bələdiyyəsi Kapadokya Mədəniyyət mərkəzində “VIII Ənənəvi və Beynəlxalq Kapadokya şeir şöləni” keçirilib.
Xalq.az-ın  verdiyi xəbərə görə, Ürgüp fm radiosunun təşkilatçılığı ilə keçirilən şöləndə Nevşəhər valisi Mehmet Ceylan, Bələdiyyə başçısı Hasan Üveren, millət vəkili Qənirə Paşayeva, çağdaş türk poeziyasının ustadlarından Yavuz Bülənt Bakilər, türk dünyasından gələn şairlər, yazarlar və nevşəhərlilər iştirak ediblər.

“Yaşayan bir türkcə və qardaşca yaşayan Türkiyə üçün” bu il VIII-si təşkil edilən şöləndə ən yaxşı şair və ən yaxşı tələbə-şairlər mükafatlandırılıblar. İlin ən yaxşı şairi tacına Nedim Uçar, ən yaxşı tələbə şairi tacına isə Eminə Əkər layiq görülüb.
Q.Paşayeva çıxış edərək ortaq ədəbiyyatımıza, tariximizə, dəyərlərimizə sahib çıxmağın vacib olduğunu vurğulayıb. Millət vəkili Türklərin hər sahədə birliyini qorumağının vacibliyini vurğulayıb.

“Böyük Qaspiralı nə deyirdi: Dildə, fikirdə, işdə birlik. İnanıram ki, biz bu birliyi Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etmək üçün də göstərəcəyik. İnşaallah bu cür şölənləri gələn il Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, Laçında və o digər gözəl bölgələrimizdə keçirək”.

Çıxışı zamanı müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabından danışan millət vəkili bu kitabda türk dünyasının müxtəlif bölgələri, onların tarixi haqqında yazdığını və Türkiyənin 6 bölgəsinin də kitabda yer aldığını bildirib.

“Türk insanının olduğu elə bir yer yoxdur ki, mən oranı ziyarət etməyim. Türklərin yaşadıqları yerlərdə ortaq dəyərlərimizi araşdıraraq onu türk insanına, gəncliyinə tanıtmaqda məqsədim onlara sahiblənmə duyğusunu aşılamaq və bizim olana sahiblənməyin gərəkliliyini göstərməkdir”.

Millət vəkili nevşəhərlilərə kitabın ikinci hissəsini hazırlamağı planlaşdırdığını və yeni hissədə Nevşəhərin də yer alacağını bildirib. Q.Paşayeva çıxışında Türk dünyası şair və yazarlarını Qarabağ mövzusunda yazmağa çağırıb. Millət vəkili öz çıxışını bütün türk dünyasının övladı olduğunu qürurla ifadə etdiyi, müəllifi olduğu şeiri ilə başa vurub.

Tədbirin sonunda Millət vəkili Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın rəhbəri Qənirə Paşayevaya tədbirin təşkilatçısı Ürgüp FM-in sahibi, jurnalist şairə Ayşə Paslanmaz tərəfindən VIII Beynəlxalq Kapadokya Şeir Şöləninə dəstəyinə görə “Təşəkkürnamə” verilib.

“VIII Beynəlxalq Şeir Şöləni”ndə Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi və Türkiyənin bəzi bölgələrində “Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar birliyin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın Əməkdar Artisti bəstəkar-müğənni Elza Seyidcahan və Opera və səs sənətçisi İlham Əsgəroğlu və iştirak ediblər.

Azərbaycanlı və türkiyəli sənətçilər şölən iştirakçıları üçün musiqi və poeziya dolu gecə bəxş ediblər. Onlara şölənin təşkilatçısı Ayşə Paslanmaz tərəfindən plaketlər təqdim olunub.

Publika.Az