Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib FOTO

Tovuz və Masallı seçicilərini Milli Məclisdə təmsil edən Millət vəkilləri – Qənirə Paşayeva, Məşhur Məmmədov, Anar İsgəndərov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova 14 iyulda Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonunun Ərkivan qəsəbəsindəki evini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyi, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağı bir mənəvi borc kimi xarakterizə edib, bu ziyarətin şəxsən onun üçün unudulmaz olacağını deyib:

“Mən hadisələrin ilk günlərindən Tovuzda idim, şəhid olan hərbçilərimizlə, rəhmətlik Anarla da o həyəcanlı günlərdə tanış olmaq fürsətim oldu. Şəhid olmuş, yaralanmış hərbçilərimizin hər birinin fədakarlığı, vətənpərvərliyi ən yeni dövr hərb tariximizin özünəməxsus səhifəsini təşkil edir. Hadisələrin içində olan, yerli və beynəlxalq reaksiyalarla tanış ola bilmiş və nəhayət, Tovuzda doğulub-böyümüş bir bacınız olaraq, o günlərdə yaşananları, düşmənin məram-məqsədini və hərbçilərimizin Tovuzda nəyin uğrunda şəhid olduqlarını dərindən dərk edirəm.

Biz ölkə olaraq çox ciddi bir prosesdən keçdik, ordumuz düşmənə layiqli cavab verdi və məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi onların ailələri, doğmaları da bizim üçün həmişə əziz olacaq.”

Millət vəkili Məşhur Məmmədov hadisələr vaxtı Tovuza getdiyini, ordunun, yerli əhalinin ovqatı ilə tanış olduğunu və ordu-xalq, xalq-dövlət birliyinin sarsılmazlığına şəxsən şahidlik etdiyini dedi. O, ötən günlər ərzində Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailəsinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib.

Millət vəkilli Anar İsgəndərov şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının tarixi ənənələrə əsaslandığını bildirərək şəhidlərimizin döyüş yolunun öyrəniləcəyinə, yeniyetmə və gənclər tərəfindən örnək alınacağına inandığını deyib.

Əslən Masallıdan olan RHİM İB sədri Arzu Bağırova və şəhidin ailə üzvləri öz ürək sözlərini bölüşüb. Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir və hər kəs şəhid ailələrinə münasibətdə ali dövlət rəhbərliyinin münasibətini özünə örnək almalıdır.