Millət vəkillərindən medal təsis edilməsinə fərqli baxış

XALQ,AZ xəbər verir ki, “Azərbaycanda gəmiçilikdə xidməti olanlara medal verməkdənsə, pul vermək lazımdır”. Bu fikirləri Milli Məclisin bugün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa “Gəmiçilik sahəsində xidmətlərinə görə” medalın təsisi ilə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

F.Mustafa qeyd edib ki, insanları medal almağa aludə etmək olmaz: “Kim bir az aşağı dərəcəli medal alırsa, bunu ürəyinə salır. Bu qədər pulu nə üçün medallara sərf edirik. Medalların verilməsi Sovet dövründən qalma ənənədir. Təkcə bu məsələ ilə bağlı fikir səsləndirmirəm. Məsələyə ümumi yanaşıram. Hər bir qurum özünün yaranması ilə bağlı tarix müəyyən edir. Nobel Bakıda neft kəşf edibsə, o bizim ağsaqqalımız olmayacaq ki. Yəni hər hansı qurumun yaranma günü yalnız Azərbaycanla bağlı olmalıdır. Hesab edirəm ki, bu ənənəyə bir də baxmalıyıq. Buna yanaşma dəyişsə insanların medala bağlılığı azalar.Buna görə də bu gün Elmlər Akademiyasında elm yox, titul arxasında gedirlər. Bu istiqamətdə yeni düşüncəni qəbul etmək lazımdır. Bakıya qəhrəman şəhər adı vermək iddiası qaldırmışdıq. Bakı Rusiyanın şəhəri kimi bu adı almalı idi?”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə münasibət bildirib: “Hər şeyi maddi maraq prinsipinə çevirmək olmaz”.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, bu məsələlər dövlətçiliyə hesablanıb: “Biz medalı pulla necə ifadə edə bilərik? Pul veriləndən sonra xərcləyəcək, bəs gələcəyə nə qalacaq? Hesab edirəm ki, gələcəkdə Milli Məclsiə gələn fəxri qonaqları da təltif etmək üçün medallar hazırlamalıyıq. Bu dövlətin xalqa olan münasibətinin göstəricisidir”.

Elgün