Millət vəkillərindən yerli icra qurumlarına ittiham

Bələdiyyələr yerli icra qurumlarından çəkinirlər.

XALQ.AZ  xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.

O, bəzi bələdiyyələri yerli icra hakimiyyətlərindən çəkinməkdə və onlardan asılılıqda ittiham edib:

“Bir çox bələdiyyələr təşəbbüskarlıq göstərmirlər, yerli icra hakimiyyətlərindən çəkinirlər. Daha doğrusu, icra hakimiyyətlərindən asılı vəziyyətdə olurlar. Bu, yolverilməzdir. Bələdiyyələr müstəqil olmalı, təşəbbüslərlə çıxış etməli, fəaliyyətlərini canlandırmalıdırlar”.

Millət vəkili Qənirə Paşayeva çıxışında bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsini qabardıb.

Millət vəkili qeyd edib ki, bu gün səlahiyyət bölgüsü məsələsində bir sıra problemlər yaşanmaqda, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənməkdədir:

“Kənd yerlərində bir çox bələdiyyələrin səlahiyyətləri yox dərəcəsindədir. Onlardan soruşanda ki, niyə filan məsələni həll etmirsiniz, deyirlər ki, icra hakimiyyətinin, icra başçısının məsələyə münasibətini, cavabını gözləyirik, gözləyirik, görək onlar nə deyəcək.

Bu, düzgün deyil. Bu, bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsidir. Bələdiyyələr özləri də bu məsələdə az məsuliyyət daşımırlar. Çünki bir çox hallarda öz səlahiyyətlərini, hüquqlarını bilmirlər və nəticədə vətəndaşlar əziyyət çəkməli olur. Bunlar aradan qaldırılmalıdır”.

Müzakirələrin sonunda hesabat səsə qoyulub və qəbul edilib.

RƏSUL