Milli Arxiv İdarəsində kollegiya iclası keçirilib FOTOLAR

Milli Arxiv İdarəsində Dövlət Arxiv təşkilatlarının 2017-ci ildə fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov Dövlət Arxiv təşkilatlarının 2017-ci ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış edib.

Qeyd edilib ki, 2017-ci ildə respublika arxiv təşkilatlarının fəaliyyəti sahə qanunvericilik aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlib.

Məruzədə hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması, hesabat ilində istifadəyə verilən “Bir Pəncərə” sistemi haqqında və aidiyyəti üzrə digər sahələrdə əldə edilən nəticələr barədə məlumat verilib.

Sözügedən sahələr üzrə statistik göstəriciləri və əldə edilən müsbət nailiyyətləri açıqlayan Ə.Rəsulov arxiv işi sahəsində yol verilən nöqsanları, ayrı-ayrı arxiv təşkilatlarında mövcud olan problemləri qeyd edib.

Ə.Rəsulov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamının icrası ilə əlaqədar olaraq İdarə tərəfindən hazırlanmış tədbirlər planında nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil siyasəti. 1918-1920-ci illər” adlı sənədlər toplusu, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı məqalələr toplusu cari ildə nəşr ediləcək. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid arxiv sənədlərindən ibarət səyyar, stasionar və virtual sərgilərin təşkili də nəzərdə tutulub. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid arxiv sənədləri əsasında 20-dək məqalə İdarənin rəsmi saytında və dövri mətbuatda dərc edilmiş və il ərzində dərc ediləcək. 2018-ci ildə dövlət arxivlərində “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” və “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər” adlı iki külliyyat üzərində işlər davam etdiriləcək.

Əsgər Rəsulov həmçinin qeyd edib ki, cari ildə 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dövlət arxiv təşkilatları tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək.

Çıxış edən digər natiqlər 2017-ci ildə arxiv işi sahəsində mövcud problemlər və onların həlli istiqamətində təkliflər barəsində fikirlərini səsləndiriblər.

Sonda arxiv işi sahəsində respublika arxivçilərinin üzərinə düşən məsuliyyət qeyd edilərək bu sahədə onlara uğurlar arzulanıb.

Elgün