“Milli Məclis kifayət qədər məhsuldar fəaliyyət göstərib”

fatma yildirim 300620

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin, sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Ölkəmizin möhtəşəm siyasi gücü olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də parlaq qələbə qazandı”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi:

“Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafında mühüm  rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Yeni parlament də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub”.

Deputatın sözlərinə görə, Sahibə xanım Qafarovanın Milli Məclisin sədri seçilməsi parlamentimizdə, xüsusilə də qadın millət vəkillərinin fəaliyyətində canlanma yaratdı və stimul verdi:

“Parlamentin yeni rəhbər və komitə sədrlərinin müxtəlif partiyaları, siyasi təşkilatları təmsil etməsi Milli Məclisdə demokratik ab-havanı daha da gücləndirdi. Sahibə xanımın rəhbərliyi altında parlament öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirdi. Milli Məclisin qanunvericilik təşəbbüsləri artdı. O cümlədən parlamentdə qadınların və gənclərin geniş təmsil olunması demokratik inkişafın mühüm göstəricisi kimi qanunvericilik fəaliyyətinə də öz töhfələrini verməkdədir”.

Deputat qeyd edib ki, ötən dörd ay ərzində Milli Məclis kifayət qədər məhsuldar fəaliyyət göstərib: “Həm yaz, həm də növbədənkənar sessiyaları uğurla başa çatdı. Yeni parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirdi, qanun layihələrinin geniş müzakirələrini təşkil etdi. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul edildi. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər olundu. Milli Məclisin yaz və növbədənkənar sessiyaları çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqlədi. Bütünlüklə, bu konteksdə Milli Məclisin ötən dövr üzrə fəaliyyətini qənəatbəxş hesab etmək olar. Yeni parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, onlarla davamlı görüşlər keçirildi, vətəndaşları narahat edən məsələlər dinlənildi və onların problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili kimi onu bildirmək istərdim ki, partiyamızın tövsiyələrinə əsasən, bütün sahələrdə fəaliyyətimizi səmərəli təşkil etmək üçün əlimizdən gələni etməyə çalışdıq və bundan sonra da eyni həvəslə işimizi davam etdirəcəyik”.