Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfi müzakirə olunub

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyə çıxarılıb.

XALQ.AZ xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda uğurlu islahatların davam etdirildiyini söyləyib. Bildirilib ki, Azərbaycanda iqtisadi fəaliyyətin son 15 ildəki nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə xarakterizə olunur. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir.
Ziyad Səmədzadə qeyd edib ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət Büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri, göstəriciləri ildən-ilə təkmilləşir, yaxşılaşır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir deyib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.
“Yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar, büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”,- deyə maliyyə naziri qeyd edib. Diqqətə çatdırılıb ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin artması və enməsi zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılmasını və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq olunur.
Nazir bildirib ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti 30 faizədək, yəni cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd azaldılır. Bu da artıq büdcə qaydasının işə salınmasının əyani göstəricisidir.
2019-cu ildən etibarən büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklərin ediləcəyini bildirən nazir deyib: “Bunlar əsasən, büdcənin sabitliyi və uzunmüddətli dayanıqlılığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliyinin və eyni zamanda, maliyyə nəzarətinin və monitorinqinin tətbiq edilməsinə yönəlib. Hesab edirik ki, 2019-cu ildən büdcənin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə yeni büdcə qaydasının tətbiqi və büdcə xərclərinə müəyyən məhdudiyyətin qoyulması büdcənin dayanıqlılığına xidmət göstərəcək”.
Samir Şərifov diqqətə çatdırıb ki, 2019-cu ildə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft və baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbətinin azaldılması hədəflənir. Bu hədəf dövlət büdcəsinin layihəsində öz əksini tapıb. Ortamüddətli maliyyə proqnozlaşdırılmasına keçidi təmin etmək məqsədilə 2019-cu ildən etibarən ölkənin müəyyən etdiyi iqtisadi və sosial-inkişaf tələblərini özündə əks etdirən ortamüddətli xərclərin çərçivəsinin hazırlanmasına başlanılacaq. Bu, hesab edirəm ki, keyfiyyət baxımından irəliyə doğru atılan çox mühüm addımdır.
Nazir qeyd edib ki, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət və idman sahələri ilə bağlı infrastruktur layihələri üçün maliyyə təminatı yaradılacaq. “Hesab edirik ki, bu qərar dövlət büdcəsinin əsas parametrlərinin həyata keçirilməsi üçün dövlət büdcəsinin daxilolmalar hissəsində əhəmiyyətli dəyişikliklərin baş verməsini təmin edəcək. İlk növbədə, qeyd etməliyəm ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar layihə təqdim olunub. Vergi islahatlarının digər mühüm istiqaməti göstərilən güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Əvvəlki pensiya islahatı ilə bağlı konsepsiyada da bu meyar öz əksini tapıb.
Maliyyə naziri 2019-cu ilin icmal və dövlət büdcələrinin əsas parametrləri barədə məlumat verərək bildirib ki, 2019-cu ilin icmal büdcəsi 2 milyard 352 milyon manat məbləğində profisitdə proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri xərclərini üstələyəcək. İcmal büdcənin gəlirləri 29 milyard 725 milyon manat məbləğində proqnozlaşdırılır, xərcləri isə 27 milyard 372 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcəyə daxil olan Dövlət Neft Fondunun büdcəsinin xərcləri transfert nəzərə alınmaqla 11 milyard 364 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928 milyon manat və ya cari ilə nisbətən 349 milyon manat, yəni 9,8 faiz çox olacaq. Həmin vəsaitin 38,3 faizi və ya 1 milyard 503 milyon manatı Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərini təmin edəcək transfertdən ibarət olacaq. Bu da cari ilin proqnozu ilə müqayisədə 203 milyon manat və ya 15,6 faiz çoxdur.
Qeyd edilib ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 384 milyon manat məbləğində proqnozlaşdırılır.

Xərclərin 84 milyon manatını muxtar respublikanın öz gəlirləri, 300 milyon manatını isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Samir Şərifov bildirib ki, 2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkəmizin uzunmüddətli sosial iqtisadi inkişafının prioritet istiqamətlərindən olan əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının, qeyri-neft sektorunun stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək. 2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. Belə ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Bu sahələr üzrə Dövlət proqramlarının və məqsədli tədbirlərinin maliyyə təminatı üçün 888 milyon manat vəsait sərf ediləcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2019-cu il üçün müəyyən etdiyi Dövlət İnvestisiya Proqramının layihəsində ilkin olaraq sosialyönümlü layihələrə investisiya qoyuluşu xərclərinin 14,1 faiz həcmində və yaxud 1 milyard manata yaxın vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Növbəti ildə dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər dövlət investisiya xərcləri nəzərə alınmadan 262 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 7 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda itkin düşmüş  hərbi qulluqçuların ailə üzvlərinə cari ildə başlanılmış birdəfəlik ödənişlərin verilməsinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur və bu məqsədlərə 50 milyon manat vəsait ayrılır.
Nazir bildirib ki, müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modelinin, dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi, dini icmalara və konfessiyalara dövlət qayğısının davamlı olaraq təmini məqsədilə növbəti ilin dövlət büdcəsindən Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin maliyyə təminatına, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin tənzimlənməsinə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Mənəvi Dəyərlərin Təbliğat Fonduna cəm olaraq 14 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Nazir diqqətə çatdırıb ki, əhalinin mənzillə tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzillər əldə etməsi, hərbi qulluqçuların mənzillə təmin olunması, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclər 212 milyon manat məbləğində proqnozlaşdırılır. Ümumdövlət əhəmiyyətinə malik olmaqla ölkə əhalisinin böyük hissəsinin iştirakını əhatə edəcək bir sıra tədbirlərin maliyyələşdirilməsi, o cümlədən icbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 224 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Hesab edirik ki, 2019-cu ildə icbari tibbi sığorta sisteminin 2020-ci ildən başlayaraq bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək, amma buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi Fondda toplanılması məsələsinə baxılacaq.
Bildirilib ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 54 milyon manat vəsait nəzərdə tutulub. Əhalinin siyahıyaalınmasının aparılması üçün 23 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması və çap edilməsi üçün 18 milyon manatın ayrılması nəzərdə tutulub. “Bildiyiniz kimi, cari ildən ölkədaxili ezamiyyə xərcləri artırılıb. Bununla əlaqədar, 2019-cu ilin dövlət büdcəsində də müvafiq artımla vəsait nəzərdə tutulub. Bununla yanaşı, növbəti ildə əhaliyə bilavasitə xidmət göstərən bir sıra dövlət müəssisələrinə xidmət müqabilində yaranmış zərərin kompensasiyası məqsədilə 108 milyon manat subsidiya maliyyə yardımı ayrılacaq. Bu, “Bakı Metropoliteni” QSC, “Azəristilik” ASC, əsasən Naxçıvana uçuşlarla bağlı “Azərbaycan Hava Yolları” QSC və Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən teatr və tamaşa müəssisələrinin fəaliyyətini təmin edəcək. Eyni zamanda, “Azərpoçt” MMC-nin bəzi fəaliyyət istiqamətlərinin maliyyələşdirilməsini təmin edəcək.
Dövlət büdcəsindən maliyyə yardımı şəklində cəm olaraq 40 milyon manatın ayrılacağını bildirən nazir deyib: “Qeyri-hökumət təşkilatlarına və bir sıra yaradıcılıq birliklərinə 9 milyon manat, siyasi partiyalara 3 milyon manat, xarici ölkələrdə olan mədəniyyət mərkəzlərinin saxlanılmasına 4 milyon manat, olimpiya idman komplekslərinin və digər idman qurğularının fəaliyyətinin tənzimlənməsinə 7 milyon manat, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon manat, Gənclər Fonduna 6 milyon manat, Elmin İnkişafı Fonduna 4 milyon manat, Azərbaycan Nəşriyyatına, Bilik Fonduna cəm olaraq 2,7 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Ərzaq və ekoloji təhlükəsizliyin daha da gücləndirilməsi, daxili əmtəə bazarlarının, kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması, o cümlədən pambıqçılığın, taxılçılığın, tütünçülüyün və baramaçılığın inkişafının daha da genişləndirilməsi üçün maliyyə təminatı növbəti ilin dövlət və icmal büdcələrində öz əksini tapıb. Bu məqsədlər üçün dövlət büdcəsi xərclərinin 3,4 faizi həcmində cari illə müqayisədə 0,1 faizdən çox, yəni, 835 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının icrası məqsədilə Ərzaq Təhlükəsizliyi Proqramı çərçivəsində bir hektar əkin sahəsinə mineral gübrələrə görə verilən subsidiyanın yuxarı həddinin 100 manatdan 150 manata, yəni 50 faiz, pestisidlərə görə verilən subsidiyaların yuxarı həddinin isə 10 manatdan 50 manatadək, yəni 5 dəfə artırılması nəticəsində tələb olunan əlavə 123 milyon manat xərc 2019-cu ilin dövlət büdcəsində öz əksini tapıb. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi və digər meliorativ tədbirlərin həyata keçirilməsi, müvafiq maliyyə təminatının yaradılması üçün 45 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Növbəti ildə, eyni zamanda, kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki iqtisadi əsaslandırmanın hazırlanması üçün 5 milyon manat vəsait nəzərdə tutulub”.
Bildirilib ki, cari ildən ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərlə bağlı proseslər başlayıb və bu, çox müsbət nəticələrini verməkdədir. Gələn ildə bu məqsədlə dövlət büdcəsindən 27 milyon manat vəsait ayrılacaq. 2019-cu il dövlət büdcəsinin əsaslı xərcləri 9 milyard 891 milyon manat məbləğində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsindəki ehtiyat fondlarının ümumi vəsaiti 400 milyon manat səviyyəsində proqnozlaşdırılıb. Növbəti ilin dövlət büdcəsindən bələdiyyələrə cəm olaraq 7,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edilib ki, 2019-cu ilin dövlət büdcəsinin yerli gəlirləri 737 milyon manat, xərcləri isə 841 milyon manat olacaq. Növbəti ildən Astara rayonu da daxil olmaqla, ölkənin 34 şəhər və rayonları öz gəlirləri hesabına xərclərinin maliyyələşdirilməsini təmin edəcəklər. Xərclərini öz gəlirləri hesabına təmin edə bilməyən rayon və şəhərlərin yerli xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 104 milyon manat maliyyə yardımı, dotasiya ayrılacaq ki, bu da yerli xərclərin 12,4 faizinə bərabərdir.
Nazir deyib: “Müzakirəyə çıxarılmış 2019-cu il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim prioritet hədəf kimi qəbul etdiyi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsini yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edir”.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri büdcə sistemi haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dünya iqtisadiyyatının inkişaf meyilləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə mövcud çağırışlar, strateji yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf, uzunmüddətli ictimai-siyasi sabitlik Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də təmin olunub. Dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazasının yaxşılaşdırılması, biznesin yeni dəstək mexanizminin yaradılması, xarici bazarlara çıxış imkanlarının artırılması və ixracın stimullaşdırılması insan kapitalının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər görülüb.
Nazir müavini diqqətə çatdırıb ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10  ölkəsi siyahısında yer alıb, ən son islahat keçirmiş ölkə kimi qeyd olunub. Hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Həmçinin hesabata əsasən ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə, “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.
O qeyd edib ki, ölkəmizin mövqeyinin yaxşılaşması dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü, gələcək tərəqqiyə hesablanmış iqtisadi siyasətin, görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.
Ş.Abdullayev  qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər, əsas tərəfdaş ölkələrdə cari iqtisadi vəziyyət, ölkədə aparılan genişmiqyaslı islahat tədbirləri, eyni zamanda, müvafiq qurumların rəy və təklifləri nəzərə alınaraq müxtəlif ssenarilər ətraflı təhlil edilməklə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il və sonrakı 3 il üzrə ortamüddətli dövr üçün ölkənin sosial-iqtisadi proqnoz göstəriciləri hazırlanıb. Ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulur. Dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Gələn il “Şahdəniz” yatağında neft və qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə isə orta hesabla 3,2 faizə yaxın artımın olunması gözlənilir. Növbəti illərdə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili investisiyaların isə 10,4 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda orta hesabla 2,5 faiz artımın olması gözlənilir.
İqtisadiyyat nazirinin müavini bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin artıq bir neçə ildir təşviqi investisiyaların artımına ciddi töhfə verməkdədir. Səkkiz iqtisadi rayon üzrə layihələrə 2,7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya təşviqi sənədi almış 200-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, layihələrin ümumi dəyəri 2,5 milyard manat olan tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin dövlət vəsaiti hesabına 132 milyon manat dəyərində infrastruktur təminatı yaradılıb.
Bildirilib ki, kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olması proqnozlaşdırılır. Cari ilin 9 ayında qeyri-neft sahəsinin əlavə dəyəri ikirəqəmli olmaqla 11 faiz təşkil edib, sahələşmə templəri yüksəlib, aparıcı və ənənəvi sahələrdən olan kimya, metallurgiya, maşınqayırma, inşaat materialları istehsalı, qida və digər istehsal sahələri genişlənib, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq kifayət qədər azalıb. Qeyri-neft sənayesinin inkişafında dövlətimizin başçısının rəhbərliyi ilə yaradılmış sənaye parkları və məhəllələri mühüm rol oynayıb.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin həll edəcəyi əsas problemlər və 2019-cu il üçün vergi siyasətinin başlıca istiqamətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas məqsəd və vəzifə Vergilər Nazirliyinin işini və vergi qanunvericiliyini iqtisadi artımın və sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların səmərəli təşviqinə yönəltməkdir. Bu məqsədlə yanaşı, şərtlərin və bərabər vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi qəbul edilir.  Xüsusilə bu il özəl və qeyri-neft sektorlarında təklif olunan vergi güzəştlərinin islahatı da bu sahəyə yönəldilib. Əmək bazarının və əməkhaqqı sisteminin şəffaflaşdırılmasını güclü vergi stimullarının yaradılmasında görürük. Üçüncü istiqamət kimi, vergidən yayınmanın miqyasının azaldılması, uçotun bərpası, mal dövriyyəsinin sənədləşdirilməsi, idxal aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə effektiv vergi nəzarətinin təmin olunması müəyyənləşib. Dördüncü istiqamət vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsindən ibarətdir. Növbəti istiqamətimiz vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsidir. Sirr deyil ki, iqtisadiyyatımızın bir çox sahələrinə ayrı-ayrı iqtisadi sahələrin inkişafını təmin etmək üçün vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin əsas məqsədi, bir qayda olaraq, iqtisadi səmərəliliyin yüksəldilməsini təmin etməkdir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq.
Son istiqamət olaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergi bazasının genişləndirilməsilə, inzibatçılığının təkmilləşdirilməsilə vergi yığımının yaxşılaşdırılması və artırılması nəzərdə tutulub. Bu problemlərin həlli üçün 2019-cu ildə vergi siyasətinin 5 başlıca istiqaməti müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci istiqamət olaraq vergi tutma bazasının genişləndirilməsi, sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Vergi Məcəlləsinə edilən və təklif olunan bütün dəyişikliklər məhz bu istiqamətlərdən qaynaqlanır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, son dövrlər dövlətimizin başçısının rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilmiş struktur islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü siyasət sayəsində ölkəmiz dayanıqlı inkişaf yolunda uğurla irəliləyir. Ölkəmizdə formalaşmış inkişaf və maliyyə potensialı, o cümlədən cari ilin 10 ayının nəticələrinə əsasən, ölkənin 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları imkan verir ki, dünyada baş verən qlobal böhrana qarşı aparılan tədbirlər uğurla həyata keçirilsin, qarşıya çıxan iqtisadi, sosial, ekoloji və digər bu kimi məsələlərin sürətli həllinə nail olunsun.
“Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, Dövlət Neft Fondunun büdcəsinin gəlir və xərclərinin icmal dövlət büdcəsinin tərkibində olduğunu deyən Ş.Mövsümov qeyd edib ki, gələn il Fondun büdcəsinin baza göstəriciləri dövlət büdcəsində olduğu kimi, yəni neftin qiyməti 60 ABŞ dollarına bərabər götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun gələn il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin müvafiq icra göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, gəlirlərin strukturunda ən böyük xüsusi çəkiyə Azərbaycanın payına düşən mənfəət neftin və qazın satışından əldə edilən xalis gəlirlər malikdir. Fondun gələn il üçün büdcəsində bu mənbə üzrə daxilolmalar 13 milyard 218 milyon manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin müvafiq icra göstəricisindən 45 faiz, 2018-ci ilin proqnozundan 29,2 faiz çoxdur.
Bildirilib ki, 2019-cu il büdcə ilindən başlayaraq icmal büdcə xərclərinin orta və uzunmüddətli idarə olunması üzrə yeni fiskal büdcə qaydasının tətbiqinə başlanılıb. Bununla əlaqədar Dövlət Neft Fondunun gələn il üçün büdcə xərclərinin parametrləri yeni büdcə qaydasının tələblərinə uyğun formalaşdırılıb və bu parametrlər əsasında Fondun növbəti il üçün müəyyən edilmiş büdcə göstəriciləri 2019-cu ilin icmal büdcə göstəricilərinə daxil edilib. Yeni fiskal qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına, büdcə intizamının möhkəmləndirilməsinə şərait yaradacaq. Yeni qayda iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların tərkib hissəsidir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilib, sənəddə həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əksini tapıb. Qanun layihəsi ilə birgə təqdim edilən sənəd və məlumatlar isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə hazırlanıb, müəyyən olunmuş müddətlərdə Hesablama Palatasına da təqdim edilib. Cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir və büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərini ifadə edir.
Qeyd edilib ki, 2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,5 faiz çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırıldığını deyən Hesablama Palatasının sədri qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsi ilk dəfədir büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilib. Büdcə qaydası Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə qəbul olunub. Bu qaydaların tətbiqi Prezidentin əsas hədəf kimi qarşıya qoyduğu protsiklik siyasətdən uzaqlaşmaq kimi hədəfə xidmət edir. Büdcə qaydasına uyğun olaraq, ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilib.
Sədr qeyd edib ki, qeyri-neft büdcə kəsirinin hesablanması icmal büdcənin neftdən asılılığını ölçmək üçün istifadə edilən bir fiskal dayanıqlılıq göstəricisidir. Bu baxımdan da büdcə qaydalarının bir istiqaməti də məhz həmin göstəricinin həddi ilə bağlıdır. “Büdcə zərfi”ndə büdcə qaydasına müvafiq olaraq, 2019-cu ilin icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti 29,5 faiz olmaqla, cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırılıb və büdcə qaydalarının tələbinə əməl edilib.
Bildirilib ki, qeyri-neft baza büdcə kəsirinin hesablanması haqqında metodoloji məlumatlar və qaydalar, neft komponentlərinə aid edilən göstəricilər barədə məlumatların “Büdcə zərfi”ndə təqdim edilmədiyini nəzərə alaraq Hesablama Palatası dünya təcrübəsində istifadə edilən 4 ssenari əsasında qeyri-neft büdcə kəsirinin hesablanmasını həyata keçirib. Müxtəlif yanaşmaların tətbiqi ilə fərqli hesablamaların aparılmasında məqsəd yarana biləcək fiskal risklərin minimallaşdırılması imkanlarını müəyyən etməkdir. Tətbiq edilən yanaşmalardan istifadə etməklə aparılmış hesablamalar bu göstəricilərin 30,8 faiz, 26,2 faiz, 35,4 faiz və 33,7 faiz olduğunu göstərir.
“Beləliklə də, təqdim edilmiş qanun layihəsi, layihəni müşayiət edən sənəd və məlumatların qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini vurğulamaq istərdim”, – deyən V.Gülməmmədov diqqətə çatdırıb ki, 2019-cu ildə cari illə müqayisədə 11 tədiyə növü üzrə artım, 5 tədiyə növü üzrə isə azalma proqnozlaşdırılıb. 2019-cu ilin dövlət büdcəsi cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin isə artımla proqnozlaşdırılması ilə xarakterizə olunur. Növbəti ilin dövlət büdcəsinin vergi gəlirlərinin proqnozlaşdırılmasına bir neçə amil təsir göstərib. Həmin amilləri ümumiləşdirərək 2019-cu ilin dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilərinin vergi sahəsini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmuş dəyişikliklər və bu sahədə aparılacaq genişmiqyaslı islahatlar, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatların əsas kapitala yönəldilmiş investisiya xərclərinin artımı və ötən illərdə formalaşmış artıq ödəmə məbləğlərinin azaldılması istiqamətində atılan addımlar fonunda tərtib edildiyi qeyd olunmalıdır. Qeyri-vergi gəlirlərinin artırılmasının əsas mənbələri kimi Dövlət Neft Fondundan transfert 398,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 127,6 milyon manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları çıxış edir. Ümumiyyətlə, qeyd edək ki, neftin baza qiymətinin növbəti il üçün 9,1 faiz artırılaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artımına əhəmiyyətli təsir göstərmir.
Palatanın sədri deyib ki, 2019-cu il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 11364,3 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsində və 2018-ci ilin gözlənilən icra göstəricisindən 398,3 milyon manat və ya 3,6 faiz çox olmaqla proqnozlaşdırılıb. Növbəti il üçün transfertin həcmi 2013-cü ildəki səviyyədə proqnozlaşdırılsa da, həmin dövrdə büdcədə neft sektorunun payı 73,2 faiz olub, hazırda isə bu pay 59,8 faizədək azalıb.
Bildirilib ki, növbəti ildə büdcə gəlirlərinin 15,1 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin payı olaraq proqnozlaşdırılıb və bu qurum vasitəsilə 2018-ci illə müqayisədə 8,2 faiz çox olmaqla 3,5 milyard manat vəsait təmin ediləcək. Əlverişli makroiqtisadi şərait, o cümlədən gömrük yığımlarına cəlb olunan idxal həcminin artması, eləcə də gömrük rüsumlarının dərəcələrinin cari ildən etibarən optimallaşdırılması Dövlət Gömrük Komitəsinin xətti ilə istər vergi, istərsə də qeyri-vergi gəlirləri üzrə proqnozların artıqlaması ilə yığılacağına əminlik yaradır.
“Tərəfimizdən aparılmış hesablamalar göstərir ki, növbəti ildə 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri 3,1 min manat, Gömrük Komitəsinin xərcləri isə 3,8 min manat məbləğində təşkil edəcək. Beləliklə də, yığımın artım tempi ilə müqayisədə həmin yığımı təmin edən inzibati sistemlərin xərclərinə sərf olunan maliyyə resurslarının artım tempinin daha yüksək olduğunu, büdcə gəlirlərinin yığılmasına hər iki qurum üzrə xərclərin artımla proqnozlaşdırıldığını qeyd etmək olar”, – deyə Vüqar Gülməmmədov vurğulayıb.
Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə aid edilən sosial sığorta haqlarının yığılmasının da növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur. Bu da Vergilər Nazirliyinin inzibati və digər zəruri resurslarının bu istiqamət üzrə də əlavə sərfiyyatı deməkdir.
V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin xərcləri növbəti il ümumdaxili məhsulun 30,2 faizi nisbətində olmaqla 24,8 milyard manat məbləğində proqnozlaşdırılıb. Dövlət büdcəsinin xərclərinin strukturunda dəyişiklik nəzərdə tutulmayıb. Büdcə xərclərinin funksional təyinatlılığı baxımından 2019-cu il dövlət büdcəsinin xərcləri dövlət idarəetmə orqanları, güc strukturları, sosial siyasətin həyata keçirilməsi, investisiya və iqtisadiyyatın digər sahələri, digər xərc istiqaməti üzrə nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin layihəsində büdcədənkənar vəsaitlər üzrə xərclər nəzərəçarpacaq artımla proqnozlaşdırılıb – 626,6 milyon manat və ya 2018-ci illə müqayisədə 28,1 faiz çox. Bu artıma müxtəlif amillər təsir göstərib. Göstərilən xidmətlər üzrə qanunvericilik aktlarında dəyişiklərlə yanaşı, növbəti ildə bir neçə qurum üzrə ilk dəfə olmaqla bu xərclərin nəzərdə tutulması artıma təsir edən əsas amillər olaraq qiymətləndirilməlidir.
“Ümumiyyətlə, Hesablama Palatası büdcə təşkilatlarının xərc normativlərinin hazırlanması, eyni zamanda, büdcədən maliyyələşən xərcləri müəyyən edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən tələbin icrasını təmin etmək məqsədilə həmin qurumlar tərəfindən büdcədənkənar vəsaitlərin nəzərə alınması ilə bağlı nəzarətin gücləndirilməsini, analoji yanaşmanın publik hüquqi şəxslərə də tətbiq olunmasını təklif edir. Eyni zamanda, davamlı gəlir mənbəyi yaradan xərclərə üstünlük verilməsi, dövlət büdcəsinin xərcləri hesabına maliyyələşən publik hüquqi şəxslərin mövcud maliyyələşmə mexanizminin dəqiqləşdirilməsi, dövlət əmlakından səmərəli istifadə edilməsi və bu sahədə daxili nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edirik”, – deyə Hesablama Palatasının sədri qeyd edib.
2019-cu il dövlət büdcəsi kəsirinin yuxarı həddinin 1862,6 milyon manat məbləğində müəyyən edildiyini deyən V.Gülməmmədov bildirib ki, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri qanun layihəsində əvvəlki illərə uyğun olaraq müəyyən edilib. Bununla belə, əvvəlki illərdə xarici kreditlər dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi nəzərdə tutulmur, kreditlərin məqsədli xarakter daşıdığı nəzərə alınmaqla icmal büdcənin xərcində ayrı komponent olaraq göstərilir və icmal büdcənin kəsirinin maliyyələşmə mənbəyi kimi qəbul olunurdu. 2019-cu ildə xarici kreditlər üzrə nəzərdə tutulan 1695,7 milyon manat əvvəlki illərdən fərqli olaraq icmal büdcə xərclərinin tərkibində ayrıca komponent kimi deyil, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkibinə daxil edilərək proqnozlaşdırılıb. Eyni zamanda, bu yanaşmanın tətbiqi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun dövlət büdcəsinin kassa icrası ilə bağlı tələblərinin yerinə yetirilməsi istiqamətində mexanizmlərin də hazırlanmasını nəzərdə tutmalıdır. Kəsirin maliyyələşdirmə mənbəyi olaraq özəlləşdirmədən daxilolmalar 2018-ci ilin proqnoz göstəricisindən 80 milyon manat və ya 20 faiz az olmaqla proqnozlaşdırılıb. Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına 2019-cu il dövlət büdcəsi kəsirinin 87 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, cari şərtlər daxilində 2019-cu ildə dövlət büdcəsinin yalnız 1 faiz az icra edilməsinin növbəti ildə dövlət büdcəsinin kəsirlə deyil, profisitlə icra olmasına səbəb olacağını qeyd etməyə imkanı verir.
Palata sədri deyib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq, büdcə qaydaları nəzərə alınıb.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı sosial müdafiə və təminat sistemi yaradılıb. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, görülən tədbirlərin, atılan bütün addımların, islahatların kökündə məhz Azərbaycan vətəndaşının sosial rifah halının, onların həyat şəraitinin daha da yaxşılaşdırılması durur. Dövlət Sosial Müdafiə Fondunun işi, Sığorta Fondunun gəlirləri və xərcləri haqqında məlumat verən nazir deyib  ki, Fondun 2019-cu il üzrə büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin təsdiq olunmuş proqnozundan 9,7 faiz, 2018-ci ilin gözlənilən nəticəsindən isə 6,8 faiz daha çoxdur. “Cari büdcənin icrası nəticəsində 10 aylıq rəqəmlərimiz göstərir ki, xüsusilə qeyri-büdcə təşkilatları üzrə icra 105 faizə yaxınlaşır və əlavə vəsait icranın daha yaxşı aparılması nəticəsində gələn ilə proqnozumuzun cari il proqnozu ilə fərqini daha da azaldır. Qeyd etməliyəm ki, bu vəsaitin böyük bir hissəsi – 97 faizi əhaliyə ödənişlərə yönəldiləcək”, – deyə S.Babayev söyləyib.
Nazir qeyd edib ki, proqnozlara əsasən gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. Bu isə qeyd etdiyimiz kimi həyata keçirilən siyasətin ana məqsədidir. Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində qiymətləndirilir. Bu qiymətləndirmə cari ilin gözlənilən nəticələrindən 4,7 faiz artıq olacaq. Xərclərin strukturunda önəmli istiqamət özünüməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı bir proqramdır və cari ildə 7 min ailəni əhatə edəcək və Azərbaycanda kiçik ailə təsərrüfatlarının yaradılmasına ciddi şəkildə stimul verəcək. Gələn ilin büdcəsinin 50 faizdən artığı məhz özünüməşğulluq tədbirlərinə yönəldilib. Yaradılan Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, eyni zamanda, həyata keçirilən məşğulluq və sosial təminat tədbirlərində maliyyə təminatı büdcədə öz əksini tapıb.
“Biz gələn il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 200 min nəfəri əhatə etməsini gözləyirik. Sosial müdafiə, sosial təminat tədbirlərinin isə 2,1 milyon nəfəri əhatə etməsi planlaşdırılır. Burada pensiya alanlar təqribən 1 milyon 294 min nəfər nəzərdə tutulur, sosial müavinət və təqaüd alanlar 570 min nəfər proqnozlaşdırılır. Digər yardım alan insanlarla birlikdə, ümumilikdə, sosial təminat sistemi ölkə əhalisinin 21 faizini əhatə edəcək”, – deyə nazir diqqətə çatdırıb.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan neftini dünya bazarına çıxararaq əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəldir. 2019-cu ilin dövlət büdcəsi layihəsi qlobal iqtisadi konyukturalar nəzərə alınmaqla hazırlanıb və gələcəyə etibarlı təminat yaradır.
Z.Əsgərov deyib ki, gələn ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosialyönümlüdür. Hər şeydən əvvəl bu, Konstitusiyanın tələbindən irəli gəlir. 2019-cu ildə müdafiə və təhlükəsizlik xərcləri üçün 3 milyard 37  milyon manat vəsait nəzərdə tutulub. Bu da 2018-ci illə müqayisədə 132,4 milyon manat və ya 4,6 faiz çoxdur. Bu da başadüşüləndir, çünki biz Ermənistanla müharibə şəraitindəyik, müdafiə üçün bu sahəyə vəsait ayırmalıyıq. Üstəlik hərbi qulluqçuların sosial müdafiəsinə də xüsusi diqqət ayrılır.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov 2019-cu ilin dövlət büdcəsi zərfi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.
Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 

 

Orxan