Milli Məclisdə komitə iclası keçirildi

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

 

XALQ.AZ xəbər verir ki, komitə sədri Arif Rəhimzadə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib.

O qeyd edib ki, ölkə prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir.

A.Rəhimzadə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı” müəyyən edilib.

Komitə sədri deyib ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.

Komitə üzvləri “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə ediblər. Bildirilib ki, hər iki sənəddə edilən dəyişikliklər qəbristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələri müəyyən edir. Belə ki, bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir.

Müzakirələrdən sonra hər 3 sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.