Milli Məclisin xüsusi iclası keçiriləcək

“Sentyabrın 20-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək. Artıq bununla bağlı hazırlıq işləri gedir”.
XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkklüoğlu deyib.
Parlament rəsmisi xüsusi iclasla bağlı bəzi detalları açıqlayıb:
“Xüsusi iclasda bir neçə xarici ölkənin parlamentinin spikerləri, işçi qrupların rəhbərlərinin iştirakı gözlənilir. Bundan əlavə, parlamentdə sərgilər təşkil olunacaq, kitablar hazırlanır”.
A.Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı xüsusi  film də hazırlanır:
“Həmin film iclasda qonaqlara göstəriləcək. Həmçinin, xüsusi iclasla bağlı müxtəlif tədbirlər planı həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Orxan