Milli Məclis İnzibati Xətalar Məcəlləsində cərimələri sərtləşdirir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddənin əlavə edilməsi təklif olunur.

XALQ.AZ-ın xəbərinə görə, dəyişiklik təklifi aşağıdakı məzmundan ibarətdir:

“370-2.1 Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqablarının sorğularına  “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə  cərimə edilir

370-2.2. Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

vəzifəli şəxslər beş yüz manatdan iki min beş yüz manatadək  məbləğdə cərimə olunur”.

“Telekommunikasiya haqqında” Qanuna uyğun olaraq telekommunikasiya operatorları və provayderlər müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin  və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək vəzigəsi daşıyırlar.

Lakin təcrübədə hüquq-mühafizə orqanlarının və ya məhkəmələrin sorğularına cavab verilməsi  və tələb olunan məlumatların təqdim edilməsi sahəsində xeyli gecikdirmələr baş verir.

Təqdim edilən qanun layihəsi  telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur.