Milli Məclisdə komitə iclası keçirilib

Sentyabrın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

XALQ.AZ  xəbər verir ki, komitə sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik edərək qarşıdakı sessiyada onlara uğurlar arzulayıb.

Daha sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərdən danışıb. Bildirilib ki, bu dövrdə komitənin 6 iclası keçirilib, bu iclaslarda 12 vacib məsələ müzakirə olunub ki, bunlardan 9-u qanun layihəsidir. Bildirilib ki, yaz və növbədənkənar sessiyalar müddətində komitənin ünvanına 119 təklif, ərizə və şikayət daxil olub. Bütün bu məsələlərə komitədə baxılıb müvafiq şəkildə həll edilib.

Arif Rəhimzadə hesabat dövründə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsindən geniş söhbət açıb. Qeyd olunub ki, bu dövrdə komitədə bələdiyyələrin inkişaf məsələləri, onların işinin təkmilləşdirilməsi üçün bir sıra qanunlara mühüm dəyişikliklər edilib. Sonra komitə üzvlərinin hesabat dövründə beynəlxalq tədbirlərdə, ölkə daxilində siyasi və iqtisadi xarakterli toplantılarda iştirakından söz açılıb, seçicilərlə aparılan işlərdən danışılıb.

Deputatlar Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məqbul hesab edilib.

Arif Rəhimzadə payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı məlumatı da təqdim edib. Bildirilib ki, qarşıdakı sessiya müddətində komitədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə yeni qanun layihələrinin hazırlanması və digər sənədlərin müzakirəsi planlaşdırılır.

İclasda bələdiyyələrin statusu ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsinin vacibliyi kimi təkliflər də səsləndirilib.

Ətraflı müzakirələrdən sonra komitənin 2019-cu ilin payız sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib.