Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Noyabrın 16-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə daxil olan “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişikliklər ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi nəticələrə zəmin yaradacaq. Qeyd edib ki, bu qanunlara edilən dəyişikliklər gələn ildən Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə sıx bağlıdır.

Komitədə əvvəlcə vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov ölkədə 2019-cu ildə aparılacaq vergi siyasəti və Vergi Məcəlləsində hazırlanan dəyişikliklər barədə ətraflı məlumat verərək qeyri-leqal məşğulluğun aradan qaldırılacağını, kölgə iqtisadiyyatında muzdla işləyənlərin uçota alınacağını, özəl sektorda çalışanların əməkhaqqından vergi tutulacağını, sadələşdirilmiş vergi ödəyicilərinin dairəsinin məhdudlaşdırılacağını, vergi yükünün azaldılacağını, inzibatçılığın təkmilləşdiriləcəyini bildirib.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev gündəlikdəki qanun layihələrini təqdim edib. Sosial sığorta, işsizlikdən sığorta və əmək pensiyaları haqqında qanunlarda dəyişiklikləri şərh etməklə yanaşı, o, Nazirliyin bu sahələrdə apardığı islahatlardan söz açıb, əmək pensiyalarının elektronlaşması və hesablanmasının avtomatlaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb, yeni yaradılan DOST sisteminin 124 növ xidmət göstərəcəyini nəzərə çatdırıb.

Müzakirələrdə çıxış edən komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, İlham Məmmədov, Aytən Mustafayeva, Yaqub Mahmudov, Musa Quliyev, Jalə Əliyeva, Rafiq Məmmədhəsənov rəy və təkliflərini bildiriblər.

Fikir mübadiləsində vurğulanıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün minimum əməkhaqqının artırılması məqsədəmüvafiq olardı. 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin yalnız Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəyi isə müsbət hal kimi dəyərləndirilib.

İclasda iştirak edən müvafiq qurumların nümayəndələri sualları cavablandırıblar.

Sonda müzakirə olunan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Orxan