Milli Məclisin nümayəndə heyəti Forumunda iştirak edəcək

 

74

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və deputat Rüfət Quliyev II Beynəlxalq Parlament Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcəklər. APA-nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya Konstitusiyasının 20 illiyinə həsr edilmiş həmin tədbirdə parlamentarilər, aparıcı alimlər və ekspertlər, dünyanın müxtəlif ölkələrinin ictimai-siyasi və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.

 

Tədbirdə “Konstitusiya. Demokratiya. Parlamentarizm” mövzusunda Forumda Rusiya və dünya təcrübəsinə nəzər salınacaq. Tematik seksiyalarda parlament, demokratik dəyərlər və ictimai rəy, müasir dünyada parlament diplomatiyasının formaları, siyasi sistemlərin və seçki sistemlərinin inkişafı sahəsində beynəlxalq təcrübə, konstitusiya islahatları, qanun yaradıcılığında inkişaf tendensiyaları mövzuları ətrafında geniş fikir mübadiləsi aparılacaq. Azərbaycan parlamentinin təmsilçiləri müzakirələrdə yaxından iştirak edəcəklər.

 

Səfər noyabrın 15-də başa çatacaq.