Milli Məclisin xüsusi iclası keçiriləcək

Milli Məclisin martın 30-da keçiriləcək iclasının gündəliyi məlum olub.
XALQ.AZ-ın  məlumatına görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib.Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.

Xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək.

Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Bundan əlavə, Milli Məclisin aprel ayında nəzərdə tutulan ilk iclasının da vaxtı müəyyənləşib. Parlamentin növbəti iclası aprelin 3-də keçiriləcək.