Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı-Rəsmi məlumat

Bahar Muradova: “Hazırda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürəm”

“Mən əksər hallarda tətilimi Azərbaycanda keçirirəm. Bu dəfə də belə olacaq. Baxmayaraq ki, tətil zamanıdır, amma hələ ki, işdəyik. Çox güman ki, 10-15 gün müddətində istirahət etməyə imkanım olacaq. O zaman da Azərbaycanda olacağam, başqa bir ölkəyə getmək planım yoxdur”.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova bu fikirləri yay tətilini harada keçirəcəyi ilə bağlı “Yeni Müsavat”a açıqlamasında söylədi.

Xanım vitse-spiker Azərbaycan parlamentinin 100 illiyinə hazırlıqla bağlı yaradılmış təşkilat komitəsinin hazırda fəaliyyətini davam etdirdiyini də bildirdi: “Müvafiq tədbirlər planı üzrə işlərimiz yekunlaşmaq üzrədir. Sentyabr ayında keçirilməsi nəzərdə tutulan təntənəli yubiley iclasımıza müxtəlif ölkələrdən parlament nümayəndə heyətlərinin iştirakı gözlənilir. Dəvətlər artıq göndərilib. Digər hazırlıqlarımız da davam edir. Düşünürəm ki, müsəlman şərqinin ilk demokratik cümhuriyyətinin 100 illik yubileyi həm də dünya ictimaiyyəti üçün tarixi əhəmiyyət kəsb edən bir hadisədir. 100 il bundan əvvəl yarandığı vaxtda olduğu kimi, Azərbaycan bu gün də həm region, həm də dünya ölkələri üçün bir çox vacib sahələrdə, o cümlədən müstəqil dövlət quruculuğu sahəsində gözəl bir örnək rolunu oynayır. Milli-mənəvi dəyərlərimizə sadiqlik, eləcə də müasirliyə, yeniliklərə hər zaman açıq olan, etnik, milli dini tolerantlığı ilə seçilən bir cəmiyyətimiz var. Son 25 ildə əldə etdiyimiz ictimai-siyasi sabitliyimiz uğurlarımızın mənbəyi, sabaha yönələn hədəflərimizin istinadgahıdır. Hər birimizin borcu bu mühiti qoruyub saxlamaq, əldə etdiyimiz nailiyyətlərimizi paylaşmaq və bölüşmək üçün bütün dünya ölkələri və xalqları ilə qarşılıqlı marağa söykənən münasibətləri inkişaf etdirməyə çalışmaq olmalıdır. Çoxsaylı daxili və xarici qonaqların da iştirak edəcəyi yubiley tədbirimiz də istisna etmirəm ki, bunun üçün gözəl bir fürsət olacaq”.

B.Muradova Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirdi: “Milli Məclisdəki 6 boş yerə seçki keçirmək məsələsinin gündəmdə olması təbiidir, başadüşüləndir. Əlbəttə ki, müəyyən prosedurları var, o proseduralar çərçivəsində ola bilər. Amma hazırda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürəm”.