Milli Onkologiya Mərkəzi xalqımıza, ordumuza dəstək verir

herbbi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rəhbərliyi və bütün kollektivi ölkəmizdə gündən-günə genişlənən Milli Orduya dəstək aksiyasına qoşulmuşlar. Sentyabrın 27-dən etibarən Milli Onkologiya Mərkəzinin xeyli gənc həkim və mütəxəssisi Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşa qalxmış Azərbaycan əsgərlərinə mənəvi və tibbi yardım göstərmək üçün cəbhəyanı xəstəxana və hospitallara yollanmışlar.
Ötən müddət ərzində döyüşlərin getdiyi və namərd düşmənin top atəşinə məruz qoyduğu ərazilərə Milli Onkologiya Mərkəzi tərəfindən davamlı şəkildə sərf materialları, dərman preparatları və digər tibbi ləvazimat göndərilmişdir.
Mərkəzdən bildirilmişdir ki, zərurət yarandığı təqdirdə kollektiv cəbhə və cəbhəyanı bölgələrdən müalicəyə ehtyacı olanları dərhal qəbul etməyə hazırdır. Bunun üçün xeyli miqdarda müalicə otağı, sarğı məntəqələri yaradılmış, kifayət qədər qan ehtiyatı toplanmışdır. Tibbi yardıma ehtiyacı olan şəxslərə ən yüksək səviyyədə xidmət göstərmək üçün xüsusi tibbi qruplar yaradılmışdır.
Mərkəz kollektivinin topladığı könüllü ianə Milli Ordumuza Dəstək Fonduna keçirilmişdir.
Milli Onkologiya Mərkəzi ölkəmiz üçün taleyüklü olan bu günlərdə Azərbaycan xalqının, onun şanlı ordusunun, Ali Baş Komandanın yanındadır!
Qarabağ Azərbaycandır!