Milli Qəhrəman orden aldı (FOTO)

o-2

“Dədə Qorqud” Fondu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu “Vətən övladı” ordeni ilə təltif edib (ölümündən sonra).

Yəhudi Xəbərlər Agentliyi (YXA) “Yəhudi Albert Aqarunov – Vətən övladı” adlı məqalə dərc edib. Məqalədə bildirilir ki, “Dədə Qorqud” Fondu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu “Vətən övladı” ordeni ilə təltif edib (ölümündən sonra).

Məqalədə deyilir ki, tankçı Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Albert Aqarunov şücaətinə görə Azərbaycanın ali hərbi mükafatı ilə təltif edilib.

Ölkəmizdə həyatını Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda fəda etmiş yəhudi gənci xatırlayır və xatirəsini hörmətlə anırlar.

Bütün Azərbaycanda faşizm üzərində Qələbə Gününün və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edildiyi bu may günlərində Bakıdakı Muğam Mərkəzində “Vətən övladı” ordeninin Albertin böyük qardaşı Rant Aqarunova təqdim olunması mərasimi keçirilib.

Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı nümayəndəliyinin başçısı Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə bildirib: “Muğam Mərkəzindəki mərasimdən əvvəl biz Bakıdakı Şəhidlər Xiyabanında olduq, Albert Aqarunovun döyüş yoldaşları ilə birlikdə Milli Qəhrəmanın xatirəsini yad etdik”.

Muğam Mərkəzində Baş nazirin müavini Əli Həsənov kiçik qardaşı Albertin layiq görüldüyü “Vətən övladı” ordenini Rant Aqarunova təqdim edib.

Mərasimdə “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Semyon İxiilov, Albert Aqarunovun xidmət etdiyi tank batalyonunun döyüşçüləri iştirak ediblər.

Bir nömrəli “Vətən övladı” ordeni ilə Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov təltif olunub.

Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə bildirib “Albert Aqarunovun ölümündən sonra təltif olunduğu orden yeddi nömrəli ordendir. Bu fakt Azərbaycanda Milli Qəhrəman Albert Aqarunovun nurlu xatirəsinə necə hörmət göstərildiyinin daha bir sübutudur”.

Qeyd edək ki, Azərbaycanın “Vətən övladı” ordeni İsraildə Albert Aqarunovun böyük qardaşının ailəsində saxlanacaq.

o-1