Milli Şuranın mitinqinin keçirilməsində xarici qüvvələrin maraqlıdır

05

Milli Şuranın mitinqində xarici qüvvələrin əli olduğu birbaşa hiss olunurdu

Milli Şuranın mitinqinin keçirilməsində xarici qüvvələrin əli olduğu birbaşa hiss olunurdu. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Milli Şuranın bugünkü mitinqi bundan əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmirdi: “Yenə eyni adamlar, eyni danışıq, eyni kontingent. Amma müəyyən məsələlərdə dəyişiklik var idi. Bu dəyişiklik o idi ki, biz orada xarici qüvvələrin əlinin olduğunu birbaşa hiss etdik. Azərbaycan xalqı tərəfindən onlara heç bir dəstək olmadı. Seçkiqabağı hansı formada yığışmışdılarsa, budəfəki mitinqdə də eyni adamlar – özlərinin qohum-əqrəbaları, mətbuat orqanlarının nümayəndələri, partiyalarının üzvləri və s. iştirak edirdilər”.

İcra katibinin müavini bildirib ki, yenə də özlərinə layiq olan, tərbiyədən kənar fikirlər söyləmək, böhtan atmaq, təhqir etmək istiqamətində, qanunun aliliyini pozmaqla, qanunvericiliyə hörmətsizlik göstərməklə, Avropadan gələn insanları şərləməklə çıxışlarını davam etdirdilər:

“Onlara Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycan xalqının xeyrinə verdiyi qərarlar sərf etmir. Onlara sərf edən ancaq Azərbaycanın əleyhinə olan qərarlardır. Onlar ermənilərlə eyni düşüncə tərzinə malikdirlər, ermənilərlə eyni fəaliyyət növü ilə məşğuldurlar, yəni hər şey Azərbaycanın əleyhinə olmalıdır”.

S.Novruzov onu da qeyd edib ki, hər kəs qanunun aliliyinə hörmət etməlidir, amma onlar mitinqlərdə dəfələrlə Azərbaycan Prezidetini, Yeni Azərbaycan Partiyasının sədrini, liderini təhqir etməklə fikirlər səsləndiriblər:

“Onlar istədikləri qədər mitinq, nümayiş keçirdə bilərlər, amma hər şey qanun çərçivəsində olmalıdır və ədəb-ərkan, hörmət, izzət də eyni səviyyədə olmalıdır. Təbii ki, qanun hamı üçün bərabərdir, biz qanunun aliliyinə hörmət edirik, amma bir daha belə hallar təkrar olunsa, YAP gəncləri onları İsalı, Əlili, Cəmilli və onların yetişdirdiyi o tərbiyəsiz gəncləri elə o stadionun ərazisində sürüyəcəklər”.