“Milli təhlükəsiziliyə əsas təhdidlərdən biri – dini ekstremizm” seminar-müşavirə keçirilib

Suraxanı rayon icra hakimiyyətinin binasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli təhlükəsiziliyə əsas təhdidlərdən biri – dini ekstremizm” adlı seminar-müşavirə keçirildi.

XALQ.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimyyətinin başçısı İlqar Abbasov “Milli təhlükəsiziliyə əsas təhdidlərdən biri – dini ekstremizm” adlı seminar-müşavrənin keçirilməsinin əhəmiyyətinə toxundu və dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sabitliyin, əmin-amanlığın hökm sürdüyünü qeyd etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında Azərbaycanın hər bir bölgəsində, eləcə də paytaxtımıza keçirilən belə məzmunlu tədbirlərin maarifləndirici xarakter daşıdığı bildirdi. Dini radikalizm, dini ektremizm ifadələrinin mahiyyətinə nəzər salan S.Heydərov islam dininin dostluq, qardaşlıq dini olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu gün respublikamızda bütün sahələrdə, o cümlədən din sahəsində sabitlik mövcuddur. Bu gün ölkəmizdə din-dövlət münasibətləri yüksək formalaşıb. Ancaq bu sabitliyi pozmağa, qarşıdurma yaratmağa marağı olan quvvələr var.

O, müasir dövrümüzdə sosial şəbəkələrdən dini məlumatların alınmasının məqsədəuyğun olmadığını qeyd edərək, dini radikalizmlə mübarizədə hər bir vətəndaşın öz mövqeyni ortaya qoymasının vacibliyini bildirdi. Radikalizm, ekstremizm kimi mənfi tendensiyaların təsirinə düşməmək üçün elmə, elmi əsaslara söykənməyin vacibliyini bildirdi. Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Bu mənfi tendensiyanın yayılma arealına, həmçinin səbəblərinə nəzər salan S.Heydərov vurğuladı ki, dini radikal qruplar əsasən dünyəvi maarifçiliyin aşağı olduğu, sosial ədalətin pozulduğu və dini bilgiləri az mənimsəmiş ölkələrdə özlərinə münbit şərait qururlar. Din pərdəsi altında çirkin niyyətlərini reallaşdırırlar.

Cənab Prezidentin “Azərbaycandakı sabitlik bizim milli sərvətimizdir”, – fikrini diqqətə çəkən natiq ölkəmizin uğurlarını qeyd etdi və ölkəmizdə mövcud olan dövlət-din münasibətləri modelinin bu gün əksər ölkələr tərəfindən nümunə qismində tədqiq olunduğunu vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Pənah Cahangirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və başqaları qeyd etdilər ki, azadlıq, təhlükəsizlik, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda ölkə başçısı Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində, dövlətimiz tərəfindən dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər bu gün uğurla davam etdirilir. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyində olan qüvvələrin qarşısı ciddi-cəhdlə alınır.

 

 

Orxan