Millimizin oyunu bərabərliklə bitdi

Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.
 Antalyadakı “Mardan” stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində Namiq Ələskərova qarşı kobud oyuna görə, Makedoniya millisinin qapısına təyin olunmuş penalti zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək millimizi hesabda önə çıxarıb.
Matçın 22-ci dəqiqəsində isə baş hakim Halis Özkahya bu dəfə millimizin qapsına penalti təyin edib. Makedoniyalı futbolçu Aleksandar Traykovski hesabı bərabərləşdirib.
Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə qapılara top vurulmayıb. Beləliklə, görüş 1:1hesabı ilə yekunlaşıb.
***
“Belə bir oyununun, sürətin, mübarizənin olmasını çox istəyirdik. Çünki futbolçularımız belə oyuna öyrəşməlidirlər. Oyundan razı qaldım. Qalib gələ də, uduza da bilərdik. Amma matçın gedişatı məni razı saldı. Hətta uduzsaydıq da, razı qalacaqdım”.
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Makedoniya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra CBC Sport-a açıqlamasında deyib.
46 yaşlı mütəxəssis Belarus yığması ilə Bakıdakı yoldaşlıq görüşü ilə müqayisədə daha yaxşı təsir bağışladıqlarını bildirib: “Makedoniya millisi çox ciddi rəqibdir. Belarusla Bakıdakı görüşdə təkbətək mübarizələrdə geri qalırdıqsa, bu gün bu amil məni razı saldı. İstədiyimiz futbolu olmasa da, istədiyim mübarizəni gördüm. Diqqət, konsentrasiya daha yaxşı idi”.
Baş məşqçi Azərbaycan futbolu tarixində ilk dəfə tətbiq olunan VAR sisteminə də münasibətini açıqlayıb: “Münasibətim normaldır. Penalti bizim əleyhimizə olsa da, qərar ədalətli oldu. VAR olmasaydı, bəlkə də onların haqqına girəcəkdik”.
Sonda Qurbanov millinin toplanışını da dəyərləndirib: “Hazırlıq prosesi pis alınmadı. Futbolçularla çoxlu görüşlərimiz, toplantılarımız oldu. İstədiklərimin çoxunu meydanda gördüm. Bakıda ola bilsin, həyəcan çox idi. Bu gün isə düşündüklərimi meydanda gördüm. Futbolçularımız sonadək fiziki cəhətdən dözdülər”
Qeyd edək ki, cari ildə millimiz baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında üçüncü oyununu keçirib. Yanvarda Antalyada Moldova ilə təşkil olunan yoldaşlıq oyununda qolsuz heç-heçə qeydə alınsa da, martın 23-də Bakı Olimpiya Stadionunda təşkil olunan yoldaşlıq görüşündə futbolçularımız Belarus yığmasına 0:1 hesabı ilə uduzublar.