Millət vəkili Jalə Əliyeva Ucar seçiciləri ilə onlayn görüş keçirdi

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunun deputatı olduğu Bərgüşad, Lək və Xələc kəndlərində pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib. XALQ.AZ xəbər verir ki, görüşdə hər üç kənddən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak ediblər. Əvvəlcə Bərgüşad kəndindən vətəndaşlar qəbul edilib. Müraciətlər əsasən Bərgüşad kəndinin elektrik xəttinin yenilənməsi, kəndi rayona bağlayan və bərbad vəziyyətdə olan yolun təmiri, kəndin içməli su və həyətyanı sahələrin suvarılması problemi, eyni zamanda Bərgüşad kənd Mədəniyyət Evinin bərpası ilə bağlı olaraq millət vəkili Jalə Əliyevanın Milli Məclisdə davamlı olaraq səsləndirdiyi təkliflər, əlaqədar təşkilatlara, o cümlədən Nazirlər Kabinetinə etdiyi yazılı və şifahi müraciətlər üçün minnətdarlıqlarını bildiriblər.

Seçicilər, problemlərin qismən həll edildiyini, belə ki, kəndin müəyyən hissəsində su probleminin aradan qalxdığını, elektrik xəttinin bir qisminin təmir edildiyini, lakin işlərin yarımçıq qaldığını bildiriblər. Eyni zamanda işlərin davam etdirilməsi və həllini gözləyən digər məsələlərin plana salınması, xüsusilə yay aylarında su probleminin daha da qabaracağını nəzərə alaraq, işlərin sürətləndirilməsi üçün köməklik göstərməsini deputatdan xahiş ediblər.
Daha sonra Lək və Xələc kəndindən qəbula yazılanlarla videoqəbul keçirilib. Qəbulda Lək kəndinin yarımçıq qalmış qaz xəttinin çəkilişinin davam etdirilməsinə, əkinə yararlı su və içməli su problemlərini həllinə köməklik göstərməsini istəyiblər. Xələc kəndində isə əkin sahələrinin suvarılması üçün motora ehtiyac olduğunu bildiriblər. Qəbulda hər üç kənddən fərdi xarakterli müraciətlər də olub. Bunlar əsasən işlə təmin, ordudan tərxis olunma ilə bağlı məsələləri əhatə edib. Jalə Əliyeva, qaldırılan bütün məsələlərlə bağlı olaraq bu günə qədər etdiyi müraciətlərin davamı kimi, bir daha seçicilərinin yazılı müraciəti əsasında təkliflərini respublika səviyyəsində əlaqədar qurumlara göndərəcəyini bildirmişdir.
Qəbullarda hər üç kəndin İcra Nümayəndələri və Bələdiyyə sədrləri iştirak ediblər.

******

Həmçinin Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda pandemiya şəraitində növbəti aylıq online görüşünü keçirib.

Görüşdə Zərdab şəhərindən və rayonun Əlibəyli, Xanməmmədli, Dəliquşçu, Dəkkəoba, Nəzəralı, Məlikli kəndlərindən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak edib. Müraciətlər əsasən işlə təmin olunma, ünvanlı sosial yardımın və əlillik dərəcəsinin təyinində qarşıya çıxan problemlərlə bağlı olub. Eyni zamanda qəbulda seçicilər tərəfindən həyətyanı torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, təhsil krediti, əfv məsələləri və məhkəmə işi ilə bağlı məsələlər də qaldırılıb. Yerli xarakterli məsələlərdən bir-neçəsi ilə əlaqədar olaraq deputat tərəfindən müvafiq qurumlarla elə qəbulun gedişində telefon danışığı aparılıb, qaldırılan məsələlər diqqətə çatdırılıb. Seçicilərin toxunduqları respublika əhəmiyyətli digər məsələlərin isə, onların yazılı müraciətləri daxil olduqdan sonra müvafiq təşkilatlara ünvanlanacağı bildirilib. Qəbula gələnlər müraciətlərinə operativ və qısa müddətdə cavab verildiyi, pandemiya şəraitinə rəğmən davamlı olaraq hər ay canlı və videoformatda qəbullar təşkil etdiyi üçün millət vəkilinə təşəkkür ediblər.

XALQ.AZ