Mingəçevirdə tender oyunu

96

 

Bir icra başçısının çox milyonluq korrupsiyası

Niyazi Bayramov Mingəçevirə ayrılan vəsaiti talan edir; sensasion faktlar, şok rəqəmlər – təkcə bir əməliyyatdan 2,4 milyon manatlıq mənimsəmə

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun korrupsiya, dövlət vəsaitini mənimsəməsi və digər qanunsuzluq faktları ilə bağlı “Yeni Müsavat”a  ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki,  N.Bayramov icra hakimiyyətinin arxasında yerləşən və ötən il tikintisinə 1,97 milyon manat ayrılan “Dostluq” parkının 400 kvadrat metrdən çox ərazisini qanunsuz olaraq sahibkarlara satıb. Satılan ərazidə 30 dan çox çoxillik ağac olub və onların hamısı kəsilib.
Yeri gəlmişkən, prezident İlham Əliyev mayın 1-də Ağdaşda olarkən nəqliyyat naziri dövlət başçısına yeni çəkiləcək dördzolaqlı yolun sxemini təqdim edib. Məlum olub ki, yolun dördzolaqlı olması üçün ərazidə xeyli ağac kəsilməlidir. Prezident dərhal buna etiraz edib və qəti şəkildə bildirib ki, ağacları kəsmək olmaz. Göründüyü kimi, prezident hətta dövlət əhəmiyyətli bir layihənin reallaşması üçün belə ağacların kəsilməsinə qarşı çıxır. İcra başçısının qanunsuz ərazi satışı nəticəsində isə yaşı onillərlə ölçülən ağaclar kəsilir.
Məlumatda bildirir ki,  N.Bayramov parkın ərazisinin 1 kvadratmetrini 250 manata sataraq 100 min manat qazanc əldə edib. Mənbələrimiz qeyd edir ki, hazırda N.Bayramovun ən gəlirli sahəsi şəhərdə çəkilən su və kanalizasiya xətlərinin üzərinə asfalt döşənməsidir. Su və kanalizasiya xətlərinin çəkilişini həyata keçirən şirkətə 1 kvadrat asfaltın döşənməsi üçün 18 manat veriləcəyi sənədləşdirsə də, icra başçısı bu işi görəcək şirkətlə hər kvadratmetrə görə 10 manat veriləcəyini razılaşdırıb. Şəhərə  300 min kvadratmetrə yaxın asfalt örtüyü döşənəcək.
N.Bayramov təkcə bu əməliyyatdan ən azı 2,4 milyon manat qazanc götürməyi planlaşdırılır. İcra başçısının qanunsuz əməlləri və korrupsiya əməliyyatları bununla yekunlaşmır. Məlumatlara görə, Mingəçevir İcra Hakimiyyətinin ötən il həyata keçirdiyi təmir, tikinti, yaşıllaşdırma, yolların təmiri, yeni binaların tikintisi və təmiri, parkların, xiyabanların salınması, təmiri və sair işlərə milyonlarla manat vəsait ayrılıb. Bu vəsaitlərin çoxu N.Bayramov tərəfindən mənimsənilib.
Məsələn, yalnız şəhərdəki “Sahil” və Heydər Əliyev adına parkların cari təmiri üçün daxili büdcədən yarım milyondan artıq vəsait ayrılıb və bunun böyük hissəsi mənimsənilib.
Məlumata görə, N.Bayramov böyük məbləğdə dövlət vəsaitlərini yaxınlarına məxsus “Lider Monolit” MMC, “İşıqlandırma” MMC, həmçinin dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, “Fərdi Yaşayış Sahələrinə Xidmət” İdarəsi vasitəsilə mənimsəyir.

İcra başçısının bu müəssisələrin hansının vasitəsilə nə qədər vəsaiti necə mənimsəməsi ilə bağlı konkret məlumatlar və rəqəmlər var. Müəyyən dəqiqləşdirmələr apararaq növbəti saylarda həmin məlumatları da təqdim edəcəyik. Aldığımız məlumatda həmçinin bildirilir ki, Mingəçevirin icra başçısı Kür çayı sahilindəki əraziləri çox baha qiymətə restoranlar, istirahət mərkəzləri və digər obyektlər tikmək istəyən şəxslərə satıb. Mingəçevirdən aldığımız bu məlumatları təqdim etməklə yanaşı qarşı tərəfin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.