Miqrasiya könüllülərinə sertifikatlar verilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarə və struktur bölmələrində təcrübə keçmiş 51 miqrasiya könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.

DMX-nin mətbuat xidmətindən  bildiriblər ki, mərasimdə Xidmətin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri, könüllülərlə iş üzrə koordinator Elnur Kələntərov gənclərin inkişafına yönələn dövlət siyasətini xüsusi vurğulayaraq, bu sahədə respublikamızda görülən işlərdən bəhs edib. O, təcrübə kursunu uğurla başa vurmuş gənclərə DMX-nin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir ay müddətində DMX-nin müxtəlif struktur bölmələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Sonra könüllülərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, miqrasiya könüllüləri üçün yaradılmış təcrübə proqramı davamlı olaraq təşkil edilir. Hazırda 13 miqrasiya könüllüsü DMX-nin struktur bölmələrində təcrübə kurslarına cəlb olunub.