Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı oldu

9

 

 M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimat mərasimi keçirilib. 

 

Xalq.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli ədibin ailə üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə edib və ədibin seçilmiş əsərlərinin nəşrini yüksək qiymətləndirib.

Bildirilib ki, “Adiloğlu” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılan beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludu.

Tədbirdə akademiklər Abel Məhərrəmov, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Tofiq Hacıyev, professorlar Xalid Əlimirzəyev, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Şirindil Alışanlı çıxış edərək Mir Cəlal Paşayevin zəngin ədəbi irsindən və pedaqoji fəaliyyətindən, eləcə də yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin iştirakçılarına təşəkkür edən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirib ki, hər bir xalqın mədəniyyəti onun yazılı ədəbiyyatında özünü göstərir. Mükəmməl yazılı ədəbiyyatı olmayan xalqın mükəmməl mədəniyyəti və tarixi də yoxdur. Yazılı ədəbiyyatı olmayan xalqların dili də rəsmən qəbul edilmir. Bu baxımdan ədəbiyyatın, sözün qüdrəti əvəzedilməzdir.

Təqdimat mərasimində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov Mir Cəlal Paşayevin bolqar dilində çap edilmiş “Söyüd kölgəsi” hekayəsinin nüsxəsini Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və professor Nərgiz Paşayevaya təqdim edib.

Vurğulanıb ki, Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin beşcildliyi artıq türkdilli ölkələrin mərkəzi kitabxanalarına göndərilib.

Sonda tədbir iştirakçıları “Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayev” mövzusunda kitab sərgisi ilə tanış olublar.