Mlli Məclisdə qanuna dəyişiklik ediləcək

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə təklif olunur.
XALQ.AZ APA-ya istinadən məlumatına görə, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir”.
Layihədə o da bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.
Layihə fevralın 1-də keçiriləcək MM-in plenar iclasında müzakirəyə çıxarılacaq.