MM-dən yaşı 65-dən yuxarı deputatlara çağrış

“Xəbər verdiyimiz kimi, Milli Məclisin növbəti plenar iclası sabah – aprelin 9-da keçiriləcək, iclasın gündəliyinə altı məsələ təklif olunub”.

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Mətbuat katibi gündəlikdəki məsələləri də sadalayib:

“Gündəliyin birinci məsələsi – E.S. Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındadır. Gündəliyin ikinci məsələsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədədir. Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda video hesabatı dinləniləcək. Video hesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər imumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

İclasın gündəliyinə təklif olunan digər dörd məsələ isə bunlardır:

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə (ikinci oxunuş).

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

“Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).”

Akif Təvəkküloğlu 65 yaşdan yuxarı deputatlarin iclasa qatılması barədə də sualı cavablandırib:

“Yaşı 65 və ondan yuxarı olan deputatlara isə xahiş olunacaq ki, karantin rejiminin qaydalarına əməl etsinlər”.

Qeyd edək ki, Milli Məclisin yaşı 65-dən yuxarı 31 deputatı var.