MTN-in Akademiyasında kursantlar Vətənə sədaqət andı içiblər

 

45

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər. SİA-nın verdiyi məlumata görə, Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına Döyüş Bayrağı gətirilmiş və Dövlət Himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, bu andın Vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirib. Hərbi qulluqçu sona kimi andına sadiq qalmalı, Azərbaycan Respublikasına sədaqətlə xidmət edərək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumalıdır. Qeyd edilib ki, gənc kursantlar bu ağır və olduqca şərəfli peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməli, milli maraqlarımızın etibarlı təmin olunması sahəsində qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirməlidirlər. Bunun üçün isə daim öz üzərində işləmək, təhsildə və xidmətdə yüksək nəticələr göstərmək, nizam-intizamlı olmaq lazımdır.

İ.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən fəal hüquq mühafizə siyasətində daim ön sırada olan Milli Təhlükəsizlik Nazirliyinin uğurlu fəaliyyətinə ölkə rəhbərliyi və respublika ictimaiyyəti tərəfindən yüksək qiymət verildiyini qeyd edib.

General-mayor İ.Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışmış, Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında və milliləşməsində, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılması və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmiş, ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. O, milli təhlükəsizlik naziri Eldar Mahmudovun tədrisə, gələcək təhlükəsizlik zabitlərinin hərtərəfli inkişafına, təhsilinə, həmçinin döyüş və fiziki hazırlığına gündəlik nəzarətini və bu məslələrin yüksək səviyyədə təşkili ilə əlaqədar tələbkarlığını qeyd etmişdir. Bu gün Akademiyada kursantların istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, idman və sağlamlıq kompleksləri, klublar və istirahət guşələri ən yüksək standartlara cavab verir.

Çıxış edən gənc kursant və tədbirdə iştirak edən valideynlər ümummilli liderin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsində təlim-tədris və hərbi-fiziki hazırlıq üçün yaradılmış yüksək şəraitdən razılıqlarını bildiriblər.

Tədbirin sonunda hərbi anda gətirilmiş gənc kursantlar orkestrin müşayiəti altında sıra addımları ilə tribuna önündən keçiblər.

Sonra tərtənəli mərasimin davamı olaraq təhsil müəssisəsinin akt zalında akademiyanın rəhbərliyi valideynlərlə görüşüb, kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən, həmçinin təhsillə bağlı qarşıda duran vəziflərdən danışmış, verilən sualları cavablandırıblar.