“Müəssisədə çalışan işçilər fərdi mühafizə vasitələri ilə təmin olunub”

“Ölkə rəhbərliyi tərəfindən Covid-19 pandemiyasına qarşı aparılan tədbirlər çərçivəsində tətbiq olunan karantin rejimi dövründə fəaliyyət göstərən istehsal sahələri arasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan törəmə müəssisələr də var. Pandemiyanın tüğyan etdiyi bu günlərdə həmin müəssisələr çalışaraq, ölkə iqtisadiyyatına dəstəyini əsirgəmir”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbəri, sabiq millət vəkili Kamran Nəbizadə bildirib. ASC rəhbərinin sözlərinə görə, Korporasiyanın ən iri və strateji törəmələrindən olan “Azəralüminium” MMC bu günlərdə istehsal edilmiş 145 ton maye metaldan xarici bazara ixrac üçün nəzərdə tutulmuş 30 ton isti yayma alüminium rulonu və 115 ton alüminium külçə istehsal edib:

“Müəssisənin fasiləsiz istehsalat sahələrində çalışan işçilər dövlət tərəfindən tətbiq olunan təhlükəsizlik qaydalarına uyğun olaraq, fərdi mühafizə vasitələri ilə təmin olunub. “Azərtütün ASK” MMC-də işlər mövsümə uyğun olaraq, aqrotexniki qaydalara riayət edilməklə aparılır. Belə ki, tütün əkiləcək sahələrdə şum işləri və şitillərin becərilməsi başa çatdırılıb, fermerlərin gübrə təminatı həyata keçirilib. Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə etməklə 1500 hektar sahə üzrə 182 fermerlə tütün əkilməsinə dair müqavilə bağlanıb. Zaqatala Tütün İstehsalı və Emalı zavodunda isə quru tütün yarpağının emalı prosesi gedir.”Azərpambıq ASK” MMC-nin emal zavodlarında hal-hazırda xam pambıq emalı davam edir. Səpin ilə əlaqədar olaraq Saatlı PİEZ və Sabirabad PİTM-də müvafiq işlər aparılır. Digər rayonlar da səpin prosesinə hazırlıq işlərini davam etdirir”.

Kamran Nəbizadənin sözlərinə görə, tətbiq olunan karantin günlərində fasiləsiz fəaliyyət göstərən istehsal sahələrindən olan “ASK Şüşə” MMC yeyinti sənayesində qablaşdırma üçün nəzərdə tutulan şüşə taraların istehsalını həyata keçirir. Bu günlərdə zavodun hər iki istehsal xətti tam gücü ilə işləyir:

“ASK Ayaqqabı Fabriki” MMC də mövcud vəziyyətdə fəaliyyətini davam etdirir. Belə ki, fabrik AR Müdafiə Nazirliyi və AR DİN-nin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalına başlayıb. Tətbiq olunan karantin günlərində fəaliyyətini davam etdirən törəmə müəssisələrin təhlükəsizliyini təmin edən “ASK Security” MMC mövcud rejimdə bütün tələb və qaydalara əməl olunması istiqamətində təcrübə və işçi qüvvəsini tam səfərbər edib. Ölkə iqtisadiyyatı, ümumilikdə Vətənimiz üçün tale yüklü bu günlərdə durmadan var gücü ilə, əzmlə çalışan Korporasiyamızın törəmə müəssisələrinin işçi heyətinə, hər bir işçisinə göstərdikləri bu fədakarlığa və sözün əsl mənasında qəhrəmanlığa görə bir vətəndaş olaraq dərin minnətdarlığımı bildirirəm!”.

XALQ.AZ